Xocalı şahidi: “Güllələrdən biri xərəkdə daşıdığımız Aqil Quliyevə dəydi”
XX əsrin ən ağır cinayətlərindən olan Xocalı soyqırımını unuda bilməyənlərdən biri də Hümbət Hümbətovdur. Hümbət dayı Xocalı sakinidir. Həmin gecə Xocalıdan 100 nəfərlik qrupla Ağdama yol alsalar da, onlardan çoxu mənzil başına çatmayıb: “Yolda hərə bir tərəfə pərən-pərən düşdü. Hərə bir tərəfə getdi. Biz Ağdama çatanda bildik ki, kim gəlib, kim o tərəfdə qalıb”.
Həmin günləri hələ də ürək ağrısı ilə xatırlayan Hümbət dayının da olduğu qrup çıxdıqları çətin yolçuluqda qarşılarına çıxan yaralı hərbçini də özləri ilə götürməyi qərara alır. Qaranlıq gecədə söhbət əsnasında məlum olur ki, həmin yaralı hərbçi Xocalının müdafiəsində misilsiz xidmətlər göstərmiş Aqil Quliyevdir. O, fevralın 18-də yaralanmışdı: “Biz Aqil Quliyevi, könüllü batalyonun komandirini də gətirirdik. O yaralı idi, xərəkdə gətirirdik. Əsgəran yolunda bizi atəşə tutdu ermənilər. O, bizə çox dirəndi ki, məni qoyun yerə, siz gedin. Atışma düşdü və güllələrdən biri Aqilə dəydi. O, həyatını itirdi, biz yolumuza davam etdik”.
Hümbət dayı Ağdama çathaçatda geri qayıtmağa qərar verir. Artıq ailəsi sap-sağlam Ağdama çatdığı üçün arxada qalan qohumlarını axtarmağa başlayır: “Ailəmizi Naxçivanik yolundan keçirdim ki, siz burdan gedin. Qardaşım və yoldaşımın ata-anası qalmışdı. Qayıtdım onları axtarmağa. Qardaşımı tapmadım. Məni atəşə tutdular, mən yaralandım. Yoldaşımgil gələndə mühasirəyə düşüb. Mənim uşağım xalamın kürəyində idi. Güllə xalama dəyib, amma uşaq sağ qalıb. Mühasirədə olanları veriblər bir erməni dığasına ki, bunları apar”.
Ermənilər qadın, uşaq və qocalardan ibarət 50 nəfərlik qrupu, sadəcə, bir silahlı erməni hərbçiyə həvalə edib, digər azərbaycanlıları, necə deyərlər, ovlamaq üçün oradan uzaqlaşırlar. Bunu fürsət bilən qrup üzvləri hər fürsətdə qrupdan ayrılıb Ağdam istiqamətində yol alırlar və sağ-salamat mənzil başına çatırlar. Amma bir ömür boyu ağır acı ilə yaşamaq məcburiyyətində qalmaqla...