Xocalı soyqırımı günü doğulan şəhid - REPORTAJ

44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından biri də şəhid gizir Elvin Əzizovdur. O, 1986-cı il fevralın 26-da Masallı rayonunun Qarğalıq kəndində dünyaya göz açıb. 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Gizir hazırlıq kursunu bitirib və "N" saylı hərbi hissədə tank komandiri vəzifəsini yerinə yetirməyə başlayıb. Vətən Müharibəsinin ilk günlərindən isə torpaqlarımızın işğaldan azad olunması uğrunda cəbhəyə yollanıb.

 

Atası Əfrail Məmmədov deyir ki, oğlu döyüşə yollananda şəhid olmaq üçün gedib: “Onun haqqında nə qədər desən də, qurtaran deyil. Çox canlara dəyən oğlan idi, çox dosta qarşı yaxşıydı, ürəyi açıq idi. Onun dostları hələ də inanmırlar ki, belə şey olar. Hətta bir dəfə döyüşə gedəndə dostları deyib ki, sağ-salamat gələsən. Deyib ki, “Yox, mənə yaxşı qarğış eləmədiniz, mən gedib torpağım uğrunda şəhid olacağam, gələcəyəm”. Deyiblər ki, niyə elə deyirsən? Deyib, bəs torpağı kim qoruyacaq? Biz qorumalıyıq da”.

 

Elvin müharibə vaxtı imkan tapdıqca ailəsi ilə əlaqə saxlamağa çalışıb, onlarla maraqlanıb, üzərində haqqı olanlardan halallıq istəyib: 

 

Həyat yoldaşı Aynurə Əzizova deyir ki, Elvin yaralananda ona zəng edərək halallıq istəyib: “Onun arzusu şəhid olmaq idi, o da arzusuna çatdı. O, uşaqlara həmişə deyərdi ki, atanızın adı gələndə hamı ayağa qalxacaq, atanızla fəxr edəcəksiniz. Yaralananda mənə zəng elədi ki, Aynurə, mənə zəhmətini halal elə. Dedim, bu nə sözdür? Dedi, dünyanın işini bilmək olmaz. Uşaqları sənə, səni də Allaha tapşırıram”.

 

Elvin atasından da halallıq almağa vaxt tapıb: “Dedi, ata, yaxşıyam, bir dənə səndən xahiş edirəm. Dedim, nədir? Dedi, ata, zəhmətini mənə halal elə”.

 

Ailəsinə bağlı olduğu kimi, vətənini də çox sevirdi Elvin Əzizov. O, Füzuli rayonu istiqamətində gedən qızğın döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşür. Döyüşlərdən birində onun komandiri olduğu tankın heyəti vurulur, özü üz və bədən nahiyələrindən yanıq xəsarəti alır. Buna baxmayaraq, özündə güc toplayan gizir Əzizov ağır yaralanan sürücü-mexaniki tankdan çıxarmağa müvəffəq olur:

 

Qardaşı Mirzağa Məmmədov deyir ki, Elvin oktyabrın 3-də yaralanıb: “Mənim qardaşım oktyabrın 3-də yaralanmışdı. Bir əsgərini çiynində 3 gün daşıdı. Əsgər deyib ki, komandir, məni qoy burada get, mən ağrıyıram, vəziyyətim pisdir. O, əsgərə deyib ki, mən sənə gözlərimi verəcəyəm. Hətta əsgər çiynində ola-ola döyüşüb. Gəldi, təxliyə oldu xəstəxanaya, orada da çox qalmadı. Deyirdi, mənim əsgər yoldaşlarım döyüşür, mən burada isti yataqda yata bilmərəm, bunu vicdanıma sığışdıra bilmərəm. Mən qardaşımla, bütün şəhidlərimizlə fəxr eləyirəm. Onlar hamısı bizim qardaşımızdır. Allah qazilərimizə də şəfa versin. Ali Baş Komandanımızdan da Allah razı olsun”. 

 

Anası Şəhla Hüseynova deyir ki, Elvin xəstəxanada yatarkən ona yenidən döyüşlərə qatılmamasını desə də. O, bu sözə qulaq asmayıb: “Birinci dəfə əlləri, üzü yanmışdı, hospitalda yatırdı. Mən ona dedim, Elvin, getmə, qal, müalicə elətdir. Dedi, ana, mən oradakı oğlanlardan artıq deyiləm. Mən də gedəcəyəm, şəhid olacağam! Ayın 11-i o, xəstəxanadan çıxmalıydı. Həmin gün tezdən zəng elədi, bizimlə danışdı. Dedi ki, narahat olmayın, lap yaxşıyam. Daha sonra danışmadı, biz də narahat olduq. Sən demə, hamı, qohum-əqrəba bilirmiş 11-i saat 5-də o, şəhid olub”.

 

Elvin Əzizov 11 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə öz tankı və döyüş yoldaşları ilə birgə son nəfəsinədək döyüşür. Hətta döyüş zamanı tank komandiri olsa da, əsgərinin həyəcandan düzgün nişan almadığını görüb özü tuşlayıcı kimi hücuma keçir. Qardaşı deyir ki, Elvin namərd düşmənin bir neçə avtomobil və zirehli texnikasını, canlı qüvvəsini vuraraq məhv edir, özü isə qəhrəmancasına şəhid olur: “Bir əsgər maşınını, 4 tankı, 5 bazanı partladıb. Bir də döyüş yoldaşları danışır ki, ürəyinin üstündə bayraq vardı, Elvin deyirdi ki, onu çatan kimi Şuşaya özüm sancacağam”. 

 

Elvin bu arzusuna çatmasa da, indi Şuşada şanlı Azərbaycan Bayrağı qürurla dalğalanır. Şəhid gizirimizin digər arzusunu isə onun övladları Aybəniz və Şahanədən eşidək. 

 

- Mənim atam bizim üçümüzün də oxumağını istəyirdi. Mənim həkim olmağımı, qardaşımın həriçi olmağını istəyirdi. Biz atamın arzusunu layiqincə yerinə yetirəcəyik, fəxr edirik ki, elə bir şəxsiyyətin qızıyıq. 

 

- Həmişə deyirdi ki, mən şəhid olacağam. Mənim atam çox vətənpərvər insan idi, ona görə də qəhrəmancasına şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

 

Heç şübhəmiz yoxdur ki, Şahanə, Aybəniz və Ayxan layiqli övlad olacaq və qəhrəman atalarının arzularını gerçəkləşdirəcəklər.

Qeyd edək ki, qüdrətli Azərbaycan Ordusunun giziri Elvin Əfrail oğlu Əzizov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Allah rəhmət eləsin!

Tural Kərimov 

Rövşən Əzimov 

APA TV. Masallı

Müəllif | Apa.Tv
Apa.tv