Xocalını görməmişdi, amma qisasını aldı - Ürəklərə köçən şəhidimiz - Əlizamin Ramazanlı
Ermənilərin soydaşlarımıza qarşı düşmənçiliyi tarix boyu faciələrlə nəticələnib.
Bu dəhşətli, qanlı səhifələrdən biri də Xocalı soyqırımıdır.
Ramazanovlar ailəsi Xocalının Kosalar kəndindən məcburi köçkün düşüb. İlk övladları Xocalı faciəsinin canlı şahidi olsa da, sonradan doğulan iki uşaq faciəni valideynlərin ağzından eşidib. Evin tək oğul övladı olan Əlizamin Ramazanlı müharibə veteranı olan atasının və xocalıda qohumlarının başına gələn faciənin qisasını almaq üçün hərb yolunu seçib: Bərdənin Şirvanlı kəndində məskunlaşan ailənin sonbeşiyi, necə deyərlər, yaşca özündən çox böyük faciənin qisasçılarından olub.
Vətən müharibəsi isə qisası qiyamətə saxlamadı. Necə deyərlər, faciə görmüş ailənin faciəni görməmiş övladı peşəkar hərbçi kimi silaha sarılıb qisasa qaçdı.
Əlizamin Umud oğlu Ramazanlı orta məktəbi başa vurub həqiqi hərbi xidmətə yollanıb. Daha sonra Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı bölmələrində gizir kimi xidmətə başlayıb. Ermənilərin dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən yaralanıb. Lakin bu barədə yaxınlarına heç nə demir. 44 günlük müharibə başlayanda isə Əlizamin cəbhəyə ilk gedənlərdən olur.
Əlizamin Ramazanlı Füzuli rayonu və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 16 oktyabrda Hadrut uğrunda gedən qızğın döyüşlərdə şəhid olub. Şəhidimiz Bərdə rayonunda dəfn olunub.
Əlizamin Ramazanlı ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidin valideynləri övlad dərdini ovudan bircə təsəllini dilə gətirir.
Bəli, qisas qiyamətə qalmadı. Azərbaycanın şanlı ordusu, Azərbaycan dövləti öz gücünü bütün dünyaya sübut etdi, düşmən tapdağında olan vətən torpağı əbədilik azad olundu.