“Xocavənd əməliyyatı”nda sağ qalan kəşfiyyatçı: “Ağır yaralandım”
"Xocavənd əməliyyatı"nın 27-ci ildönümündə şəhid olan kəşfiyyatçıların ailə üzvlərinin Qarabağa səfəri təşkil olunub. Aralarında 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid anaları da var idi. İlk dayanacağımız Hadrut oldu. Kəşfiyyat qrupunun şəhidlik zirvəsinə ucaldığı yerə gül dəstələri düzüldü, onların əziz xatirələri yad edildi. Elə xatirə lövhəsinin ətrafında şəhidlər barədə qısa məlumat verildi. Bildirildi ki, Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu 1997-ci ildə işğalda olan Xocavənd istiqamətində döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib. Ağır döyüşdə yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar. Amma sən demə Aqil həyatda imiş. Ağır yaralandığı üçün huşsuz vəziyyətdə olub. Kəşfiyyat qrupunun yeganə sağ qalan üzvu elə huşsuz vəziyyətdəcə ermənilər tərəfindən əsir götürülərək olmazın işgəncələrə məruz qalıb. Məhz 1 il 11 aydan sonra Ümummilli liderin səyi ilə Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədov əsirlik həyatından xilas edilərək vətənə qaytarılıb. “Xocavənd əməliyyatı”nda şəhid olan Anar Rzayevin anası Siyafət Rzayeva Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti, şəhidlərin və qazilərin canı, qanı bahasına 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandıqlarını bildirdi. “Xocavənd əməliyyatı”nda şəhid olan Nizami Ələkbərovun bacısı Mətanət Əsədova da artıq 3-cü dəfə idi ki, qardaşının şəhid olduğu yeri ziyarət edirdi. “Xocavənd əməliyyatı”nda şəhid olan Elxan Ağayevin qardaşı İlham Ağayev də bizimlə idi. Deyir ki, Elxan hələ 1992-ci ildən hərbi xidmətə könüllü yazılanlardan idi. Vətən, yurd sevgisi onun canından çox sevdiyi Azərbaycan uğrunda şəhid olmasına zəmin yaratdı. “Xocavənd əməliyyat”ı zamanı şəhid olmuş hərbçilər Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhid anaları Şuşada da oldular. İsa Bulağı, Yuxarı Gövhərağa məscidindən tutumuş, Şuşa qalasınadək ziyarət olundu. Növbəti dayanacaq Xankəndi idi. Şəhid ailələri Xankəndini qarış-qarış gəzdilər. Aytən Sakitqızı, Tural Əlizadə APA TV