Xocavənd sakinləri: “O qədər sevinirik ki, kəndimizə gedəcəyik”
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.
Dövlət başçısı Zəngilan şəhəri ilə yanaşı, 24 kəndin işğaldan azad edildiyini bildirib. Həmin kəndlər arasında Xocavənd rayonunun da 5 kəndi var.
APA TV-nin yerli bürosunun əməkdaşları Beyləqan rayonu ərazisində Xocavənddən olan məcburi köçkünlər üçün salınmış qəsəbədə olub, rayon sakinlərinin sevincini bölüşüblər:
- Mən oradan qaçqın kimi gələndə yeni doğulmuşdum. Demək olar ki, çox cüzi xatırlayıram. Amma bu gün çox gözəl, sevindirici bir gündür. Artıq Xocavənd rayonunun birdən çox kəndi işğaldan azad olunub. İnşallah davamı gəlir, Ali Baş Komandanımıza güvənirik. Onun yürütdüyü siyasəti, onun göstərdiyi şücaəti. Həmçinin ordumuzun göstərdiyi şücaət dünya mediasında bu dəqiqə Azərbaycan Ordusu bir nömrəli döyüş taktikası, qəhrəmanlıqları ilə seçilir, tanınır. İnşallah zəfər bizimdir, zəfər Azərbaycanındır.
- Mən buna inanırdım ki, gec-tez bizim torpaqlar azad ediləcək. Mən anama dedim, dedim, ağlama, biz gec-tez o torpaqlara qayıdacağıq. Bu gün düşmən Ali baş Komandan qarşısında diz çökməyə məcburdur. Mən inanıram ki, gec-tez bayrağımız Şuşada, Laçında, Xankəndidə dalğalanacaqdır.
- Sevincimizin həddi-hüdudu yoxdur. O qədər sevinirik ki, kəndimizə gedəcəyik. Allah Prezidentimizin canını sağ eləsin. Allah onu saxlasın, Ordumuzu saxlasın. Nə bilim. O qədər sevinirik, o qədər. Yəni həyəcan keçiririk. Həm sevinirik, həm də həyəcan keçiririk.
Qeyd edək ki, Prezident xalqa müraciətində Füzulinin Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayılın Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Vəng, eləcə də Zəngilanın Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu bildirib.