Xocavənddə mina terrorunda şəhid olan polis Sumqayıtda dəfn olunub

Ermənilərin Xocavənddə törətdiyi mina terroru nəticəsində şəhid olmuş Ramil Şirinovun nəşi Sumqayıta gətirilib.

 

Şəhidlə yaşadığı ünvanda vida mərasimi keçirilib. Mərasimdən sonra şəhid Ramil Şirinov Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Qeyd edək ki, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

 

Əli Əliyev, Ağa Əlizadə, APA TV

Müəllif | Apa.Tv
Apa.tv