Xocavəndin Qaradağlı kəndinin işğalından 28 il ötür
Bu gün Xocavənd rayonunun Qaradağlı kəndində ermənilərin törətdiyi soyqrımdan 28 il ötür. Bu münasibətlə Beyləqan rayonu ərazisində salınmış Qaradağlı qəsəbəsində anım mərasimi keçirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd rayon icra hakimiyyətinin başçısı, həmin istiqamətdə hərbi xidmət aparan yüksək rütbəli hərbçilər və Qaradağlı kənd sakinləri iştirak edib.
Mərasim iştirakçıları şəhid olan 80 nəfərin xatirəsinə ucaldılmış “Qaradağlı şəhidləri” abidə kompleksini ziyarət edərək onların xatirəsini yad ediblər.
Qaradağlı kənd sakini Elxan Rüstəmov deyir ki, ermənilərin törətdiyi soyqrım zamanı 4 şəhid verib: “Öz ailəmdən 4 şəhid vermişəm. Atamı, 2 qardaşımı, 1 bacımı. Hələ qohumları demirəm. Bizim kənd hamısı bir-birinə qohum idi. Çox oldu şəhidlərimiz. Silah-sursatımız qurtardı kənd təslim oldu. Sinif yoldaşlarım, dostlarım, qohumlarım hamısı ya şəhid oldu, ya girov düşdü”.
Ofelya Məmmədova isə 28 şəhid verib: “Yoldaşımın bacısı uşaqları, qardaşı uşaqları, ümumilikdə 28 nəfər şəhid oldu. Mən o kənddən çıxanda uşağımın böyüyünün 3 yaşı var idi. İkinci uşağım lap körpə idi.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocavənddən olan məcburi köçkünlərin problemləri ilə maraqlanıb. Onun sözlərinə görə, tək Xocavənddən yox bütün işğal altında olan rayonlardan olan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələr inşa olunacaq: “Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında özəl sektorun böyük köməkliyi var. İlk olaraq biz özəl sektordan Qobu - 3 adlanan qəsəbəni gözləyirik. İlin sonunadək 7000 ailəlik qəsəbə tikiləcək. Bu istiqamətdə fəaliyyətimiz başlayıb. Artıq tikintilər Bakı və Sumqayıt şəhərində gedir. İnanıram ki, qarşımıza qoyulan tapşırıqlar ilin sonunadək yerinə yetiriləcək. Bölgələrdən isə bu il Samux rayonunda qəsəbə inşa olunacaq. Sonra növbəti rayonlarda qəsəbələr salınacaq. Bunlar ardıcıl olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunacaq, verilən tapşırıqlar əsasında işimizi quracağıq.”
Qeyd edək ki, Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci ildə ermənilər tərəfindən işğal olunub. Ermənilərin kəndə hücumu 4 gün davam edib. Fevralın 17-də kənd ermənilərin nəzarətinə keçib. Həmin döyüşlərdə 80 nəfər Qaradağlı sakini şəhid olub, 54 nəfər girov düşüb. Girovluqda olanlardan 8 nəfəri ermənilərin işgəncəsinə dözə bilməyərək həyatını itirib, 46 nəfər erməni girovluğundan azad olunub.