Xüsusi karantin rejimi iyulun 20-dək uzadıldı – METRO YENƏ İŞLƏMƏYƏCƏK

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib. 

Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır. 

• 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

● Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda  aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

● Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər. 

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir. 

Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv