Operativ Qərargahın mətbuat konfransı-29.08.2020

“Azərbaycan ərazisində karantin rejimi 31 avqust tarixindən 30 sentyabr tarixinə qədər uzadılıb”.

 

APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Hikmət Hacıyev bildirib ki, yoluxma səviyyəsi yüksək olduğuna görə Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi saxlanılır, həftə sonları ictimai nəqliyyat işləməyəcək.

 

Bundan başqa, 10 nəfərlik qruplarla da fərdi tədris və repititor xidmətlərinin fəaliyyətinə icazə veriləcək.

 

Azərbaycan Prezidentinin köməkçisi Rusiyanın quru sərhədindən vətəndaşların gətirilməsinin də  davam etdiyini deyib.

 

Onun sözlərinə görə, Qazaxıstan və Orta Asiyanın digər ölkələrindən testlərdən sonra vətəndaşların bərə və hava nəqliyyatı ilə gətirilməsi həyata keçirilir: “İstanbuldan da koronavirus testi əsasında vətəndaşların gətirilməsi təmin olunur. Biz yenə də vətəndaşlarımızı zərurət olmadığı şəraitdə xarici səfərlərdən çəkinməyə çağırırıq. Çünki dünyada koronavirusla bağlı risklər göz önündədir”.

 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, məktəblərin açılması ilə əlaqədar tələbə və şagirdlərin metrodan istifadəsi ilə bağlı metropolitenin açılması müzakirə olunur, potensial risklər qiymətləndirilir. Bu barədə qərarlar qəbul ediləndə ölkə ictimaiyyətinə məlumat veriləcək". 

 

Hikmət Hacıyev bildirib ki, payızda qrip kimi virusların aktivləşməsi də diqqət mərkəzində saxlanılır. Bu barədə digər ölkələrlə və ÜST-lə məsləhətləşmələr davam etdirilir: “Sertifikatlaşmadan keçən peyvəndlərin ölkəyə gətirilməsi də gündəmdə saxlanılacaq. Dünya səviyyəsində qəbul edilmiş, sertifikasiya edilmiş və kənar təsirləri olmayan peyvəndlər vacib şərtdir”.

 

Prezidentin köməkçisi koronavirusa yoluxmuş insanların hərəkət marşrutunun və əlaqələrinin izlənilməsi üçün müxtəlif elektron tətbiqlərdən istifadə edildiyini də diqqətə çatdırıb”.

 

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov isə bildirib ki, təhsil müəssisələri açılan zaman əks-epidemik tədbirlər həyata keçirilərsə, koronavirusa yoluxmanın səviyyəsi artmayacaq.

 

A. Qurbanov bildirib ki, hazırkı durumun bizi arxayınlaşdırmamalıdır: “Yumşalmalar mərhələli həyata keçirilir, çünki əks halda risklər artar. Xüsusən virusdan qorunma tədbirləri diqqət mərkəzində saxlanılmalıdır. Karantin tədbirləri yumşaldıqca sosial məsafə, maska və gigiyenik təmizliyə diqqət daha artmalıdır. Payız və qış aylarında qrip və digər respirator xəstəliklərin artması gözlənilir. Qorunma tədbirləri bizi qrip və digər respirator xəstəliklərdən də qoruya bilər".

 

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri qeyd edib ki, dövlət səviyyəsində mövsümi qrip vaksinlərinin alınması ilə bağlı iş gedir: “Yaxın 1-2 ay ərzində ölkəyə mövsümi qriplərlə bağlı vaksinlər gətiriləcək. Çünki qriplə bərabər koronavirusa yoluxma daha çox ağırlaşmalara gətirib çıxara bilər”.

 

Rayonlara gediş gəlişin açılması ilə bağlı danışarkən Hikmət Hacıyev bildirib ki, valideynlərini uzun zamandır görə bilmir: “Vəziyyətlə əlaqədar atamı sonuncu dəfə mart ayının sonunda görmüşəm. Təəssüflər olsun ki, indiki şəraitdə rayonlara gediş-gəlişin açılması mümkün deyil”.

 

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, Dağlıq Qarabağın erməni icması Azərbaycan vətəndaşlarıdır. Həmin vətəndaşların koronavirusa yoluxması da Azərbaycanın ümumi statistikasında göstərilməlidir: “Ancaq işğal olunmuş ərazilərdəki bu məlumatları əldə etmək mümkün olmur. ÜST-ə müraciətimizdə də bildirilib ki, Dağlıq Qarabağda yoluxmalar barədə məlumatlar daxil olanda, bu məlumatlar Azərbaycanın ümumi statistikasında göstərilməlidir”.

 

Hikmət Hacıyev rayon qeydiyyatı olan I kurs tələbələrinin Bakıya gediş-gəliş məsələsinin necə tənzimlənəcəyinə münasibət bildirib: "Hazırda Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və hüquq-mühafizə orqanları tərəfindən bunun mexanizmi işlənilir. Hətta burada ikinci bir sual da meydana çıxır ki, kimin tələbə kartı varsa, onlar asanlıqla Bakıya gələ bilərlər, amma bu il qəbul olunan tələbənin kartı yoxdur, bu məsələ necə olacaq? Bu sualların işlənməsi və cavabların ölkə ictimaiyyətinə çatdırılması üçün aidiyyəti qurumlara tapşırıq verilib ki, vətəndaşlar hər hansı çətinliklə üzləşmədən öz tədris müəssisələrinə gələ bilsinlər".

 

 

Müəllif | Apa.Tv
Apa.tv