Xüsusi rejim qərarından sonra mağazalardakı vəziyyət: DOLU PİŞTAXTALAR VƏ ANBARLAR
Martın 13-də Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarla Azərbaycan ərazisində xüsusi rejimin tətbiqinə başlanılıb.
Bu rejim Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərindən irəli gələrək, tətbiq olunub. Hökumət ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri hesab edib. Beləliklə, bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunub.
Hökumətin qəbul etdiyi ölkə əhalisinin sağlamlığı və milli mənafeyimizin qorunmasına hesablanmış qərarlardan sonra ölkə vətəndaşları arasında bəzi yanlış anlaşılmalar olub. Sözsüz ki, sosial şəbəkələrdə əsası olmayan yalan-yanlış məlumatların dolaşması, kütləvi paylaşılması da buna təsirsiz ötüşməyib. Elə bu informasiyalar fonunda bir neçə gündür mağazalarda kütləvi alış-veriş müşahidə olunur, bununla bağlı müxtəlif informasiyalar tirajlanır.
APA TV əməkdaşları olaraq bu məlumatların həqiqəti nə qədər əks etdirib-etdirmədiyini yerində öyrənmək üçün paytaxtda fəaliyyət göstərən marketlərdən birinə üz tutduq. Müşahidə zamanı mağazalardakı piştaxtalarda və anbarlarda bütün məhsul çeşidləri üzrə bolluğun olduğunun şahidi olduq. Mağaza müdiri Əliverdi Hüseynov bildirdi ki, marketdə məhsul qıtlığı yoxdur.
Qeyd edək ki, ötən gün İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirən hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyatın mövcud olduğunu və panikaya heç bir əsasın olmadığını bildirib.