Xüsusi təlim görmüş itlərdən hansı hallarda istifadə olunur?
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin və Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə şərti təlim keçirilib.
APA TV-nin xəbərinə görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji mərkəzində keçirilən şərti təlim zamanı şagirdlərin, xidmətin kinoloqlarının və partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə nəzəri-praktiki dərs keçirilib.
Dərsin keçirilməsində məqsəd şagirdlərin bu sahədə bilik və bacarıqlarının artırılması, fövqəladə hallar zamanı davranış qaydaları, “112” zəng mərkəzinin fəaliyyəti barədə uşaqların məlumatlandırılması, eyni zamanda canlı insanların uçqun və dağıntılar altında xilas edilməsi məşğələlərinin keçirilməsi olub.
Təlimdə Kinoloji Mərkəzin xüsusi təlim görmüş itlərinin bacarıqları əyani nümayiş olunub. Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji mərkəzinin nümayəndəsi Elvin Qocayev axtarış zamanı xidməti itlərdən beş istiqamətdə istifadə olunduğunu deyib. Bura insan, cəsəd, partlayıcı, təhlükəli maddələr və mina daxildir.
Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborun kinoloji qrupunun rəisi Aslan Orucov şərti təlimin uğurla başa çatdığını, gələcəkdə də bu cür maarifləndirmə tədbirlərinin davam etdiriləcəyini bildirib.
Sonda məktəblilərə FHN-in əməkdaşları tərəfindən hədiyyələr verilib, xatirə fotosu çəkdirilib.
Semral Cavad,
Xəyal İskəndərov,
APA TV