Xüsusi təyinatlı qazi: “Mənə yardıma gələnlər yolda şəhid oldu”
Polad Mədəni Vətən Müharibəsinin 31 yaşlı qəhrəmanıdır. Şəkidə anadan olub. Şəkidə 10 saylı orta məktəbi bitirib. 2006-cı ildə hərbi xidmətə cəlb olunan döyüşçümüz Naxçıvanda qulluq edib. Hərb elminin sirlərinə də məhz orda yiyələnib.
Hərbi xidmətini başa vurduqdan sonra 2011-ci oktyabrın 16-da Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün könüllü müraciət edib: “9 illik xidmətdən sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr 2020-ci il əmrindən sonra Qarabağ döyüşlərinə, Vətən Müharibəsinə cəlb olunmuşam. Döyüş yolumuz Kəlbəcər rayonundan başladı. 4 gün qızğın döyüşlərdə iştirak etdik. Növbəti əmrə əsasən Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirak etdik. Rayonu düşmən tapdağından azad etdik. Ordan da Hadrut istiqamətindəki döyüşlərə qatıldıq”.
Bundan sonra Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri Qubadlı istiqamətindəki döyüşlərə qatılıb: “Ən son, yaralanmamışdan əvvəl Füzuli döyüşlərində iştirak etdim. Şəhərin işğaldan azad olunmasına qatıldıq. Elə həmin döyüşlərdə də sağ ayağımı minomyot atəşi nəticəsində itirdim. Güclü atışma oldu. Təxminən 5 saat qan itirdim. İlkin tibbi yardımı da elə cəbhədə həkimlərimiz etdi. Jqutla aldılar qanın qarşısını. Mənə yardım etdikdən sonra tibbi heyət döyüş yoluna davam edib, digər yaralı əsgərlərimizə yardım etdi. Çox güclü atəş altında qaldıq təxminən 5 saat. Tanklardan, minomyotlardan dayanmadan atəş açırdılar. Qrad, mərmilərlə gülləbaran edirdilər bizi. Çox itki verməmək naminə hissə komandirimiz bizi ön xətdən iki kilometr geri çəkməyə qərar verdi”.
Yaralı halda olan Poladın ardınca onun döyüşçü yoldaşları gəlib. “Bu gün həyatda sağ qaldığıma görə ömrümün sonuna qədər onlara borcluyam” deyir qəhrəmanımız: “Ardımca adam göndərdilər. Döyüşçü yoldaşım Ceyhun Abbasov gəliri dedilər, onunla döyüşlər başlayandan çiyin-çiyinə irəliləmişdik. Birdən Şəkidən bir dostum da vardı - Nadirli Elçin Nadir oğlu, onunla birlikdə məni səngərdən çıxarmaq üçün gəlirmişlər. Açılan atəş altında irəliləyən dostlarımdan biri Elçin məni xilas etmək üçün gəldiyi yolda özü şəhid olmuşdu. Allah rəhmət eləsin, o qədər cəsur oğlan idi. Tank mərmisinə tuş gəlmişdilər. Ceyhun isə qolundan və ayağından ağır yaralandı. Onun özünü yaralı kimi çıxardılar”.
Bir neçə saat atəş altında yaralı vəziyyətdə qalan Polad sağ qalmaq üçün mübarizə aparıb: “Mənə yardıma gələnlər yolda gülləbaran edildi. Tək qaldım. Şok keçirməmək üçün özüm-özümə yardım etdim. Yaralı yoldaşlarımdan eşitmişdim ki, gərək özün-özünü şoka düşməyə qoymayasan. Bədənim artıq əsirdi, susuzluqdan ciyərim yanırdı. Çox əzab çəkdim. Sümük ağrıları, partlayışın şoku. Tək qalmışdım. Ağaclıqda idim. Dəfələrlə ayağa qalxmaq istədim, dəfələrlə, alınmadı. Sürünə-sürə açıqlığa çıxıb kömək istədim. Qaldığım yerdən səsləndim. Döyüşən uşaqlarımız vardı SBQ silahlarla, onlardan kömək istədim. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin köməyi ilə yaralı vəziyyətdə ərazidən uzaqlaşdırıldım”.
Ən dəhşətlisi isə budur ki, yaralı Poladın ardınca gələn həkim briqadasının köməkçisi də şəhid olub: “Onunda yanına minomyot düşdü. Gözümüzün qarşısında qəlpə boğazından dəydi, şəhid oldu. O qədər intensiv atəş altında idik. İndi də xatırladıqca dəhşətə gəlirəm. Orda çox şəhid verdik, yaralılarımız oldu”.
Qəhrəmanlıq tarixini qanı ilə yazan Poladın ayağında qəlpə qırıntılarından iltihab yaranır. O, Daxili Qoşunların Hərbi Hospitalına yerləşdirilir: “Ordan gətirdilər hospitala. Sağ ayağımı dibdən amputasiya ediblər. Partlayış çox hissəsini aparmışdı. Ayağımda qəlpə zəhəri artıq yayılmışdı. İndi xalq bizə qəhrəman kimi baxır, biz də həkimlərimizə qəhrəman kimi baxırıq. Onlar bizim qəhrəmanımızdır. Onlar bizi həyata qaytardı, ailəmizə geri verdilər”.
“Yenidən dünyaya gəlsəm və bilsəm ki, sağlamlığımı vətən yolunda itirəcəm, yenə eyni yolu gedərdim” deyir 31 yaşlı şəkili döyüşçümüz.
Polad özünü xoşbəxt sayır, çünki onun yolunu gözləyən 4 yaşlı Umud var: “Umud bura yanıma gəldi. Ailəmlə, yoldaşımla birgə gəldi balam yanıma. Həyat yoldaşım da çox qürurlu idi. Yanımda ağlamadı belə... Umud da mənə sarılıb şeir söylədi”.
Onlar vətənin bir parçasıdır, bir parçalarını da müqəddəs vətən yolunda qurban verən oğullardır: “Bizim ən böyük arzumuz torpaqlarımızı geri almaq idi. Burdan cənab Prezidentimizə də təşəkkür edirəm ki, bizim bu arzumuzu gerçəkləşdirmək üçün imkan verdi. Xalqın gözləntilərini doğrulda bildik. Həyatda ən böyük arzum Qarabağ torpağında döyüşmək idi, o arzuma da çatdım. Sağ olsunlar. Xoşbəxtəm ki, qalib dövlətin qazisiyəm”.
Vətən savaşının mərd oğulları, yastığınız yüngül olsun! Tanrıdan sizlərə şəfa, şəhidlərimizə rəhmət diləyirik!