Yaddaşlara həkk olan tarix və ünvan: FƏXRİ XİYABANDAN REPORTAJ
“16 il əvvəl məhz bu gün ümummilli lideri Heydər Əliyev dünyasını dəyişib. 16 il keçməsinə baxmayaraq xalq nə onu, nə də onun Azərbaycan üçün gördüyü işləri unutmur. Səhər saatlarından başlayaraq dövlət qurumlarının, ictimai təşkilatların kollektivləri, adi vətəndaşlar onun məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gəlir”.
2003-cü il 12 dekabr. Həmin tarixdən bu günə qədər xalq hər il eyni gündə, eyni istiqamətdə Fəxri Xiyabana doğru axın edir:
“Ulu öndərin bu dövlətin quruculuğunda, inkişafında çox böyük əməyi, zəhməti olub. Bu günə qədər də onun siyasəti davam etdirilir. Hamımızın borcumuzdur, gərək onun əməyini itirməyək. Çünki o, Azərbaycanın fəxridir”.
“Heydər Əliyevin anım günüdür. Azərbaycan tarixinin bir hissəsi bu şəxsiyyətlə bağlıdır. Azərbaycanın taleyi isə onun siyasətinə bağlıdır. Çünki Azərbaycanda yaşamaq və Heydər Əliyevi anmamaq düzgün deyil. Biz bura könlümüzdən keçdiyinə görə gəlirik, onu xatırlayırıq. O, Azərbaycanı çox sevirdi”.
“Bu gün ulu öndərin anım günüdür. Xalq, hamı Heydər Əliyevin məzarını ziyarət etməyə gəlib. Mənim Heydər Əliyevə çox böyük hörmətim var. Onun bu xalqın üzərində böyük zəhməti olub. O, xalqın yükünü çiyinlərində daşıyıb, azadlığa çıxarıb. Bu gün bizim firavan yaşamağımızın səbəbkarı Heydər Əliyevdir”.
“Ulu öndərin Azərbaycanın inkişafına töhfəsi böyükdür. Prezident İlham Əliyev ulu öndərin davamçısıdır. Heydər Əliyev hər zaman yaddaşımızda qalacaq”.
“Hər kəs ulu öndərin əziz və unudulmaz xatirəsini yad edir və xatırlayır. Sözsüz ki, bu, onun dövlət və xalq qarşısındakı misilsiz xidmətlərindən irəli gəlir. Əminəm, nə qədər ki, Azərbaycan dövləti və Azərbaycan xalqı var, bu müqəddəs məkan ziyarət olunacaq”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da Fəxri Xiyabanda idi:
“Heydər Əliyev öyrəniləsi, nümunə götürüləsi liderdir. Bütün ömrü boyunca Azərbaycanı müstəqil görməyin xəyalı ilə yaşayan, bu xəyalın reallaşması üçün çalışan, bunu bacaran, sonra isə əldə olunan müstəqilliyi qorumaq və möhkəmlətmək yolunda əzm göstərən, canını belə təhlükəyə atan şəxsiyyət idi. Bir daha onun əziz xatirəsi önündə dərin hörmətlə baş əyirəm. Azərbaycanın və türk dünyasının başı sağ olsun. Belə bir lider hər zaman yetişmir”.
Memarı yaşadan onun əsərləridir. Heydər Əliyevin adı gələndə Azərbaycan, Azərbaycan deyəndə isə Heydər Əliyev yada düşür deyirlər. Elə məşhur mahnıda deyildiyi kimi...