Yadplanetlilər Peruya hücum etdi, sakinlər ordunu çağırdı
Peruda maraqlı hadisələr yaşanır. Al Rojo Vivo-nun yaydığı məlumata görə, kiçik bir kəndin sakinləri bir aydır ki, “yadplanetlilərin hücumundan” şikayətlənirlər. Artıq polis Perunun paytaxtı Limanın şimal-şərqində yaşayan İkitu icmasının nümayəndələrinin mövzu ilə bağlı şikayət ərizələrini nəzərdən keçirir. Onlar "iri başlı və sarı gözlü iki metrlik qeyri-adi canlıların" hücumuna məruz qaldıqlarını iddia edirlər. Kanala açıqlama verən yerli sakinlər hətta hakimiyyəti bu qəribə basqınların baş verdiyi bölgəyə ordu göndərməyə çağırırlar. Onların fikrincə, bu naməlum canlıların odlu silahlara qarşı müdafiə qabiliyyətləri var və istədikləri zaman yoxa çıxa bilərlər. “Yadplanetlilərdən” birinin yeniyetməyə hücum edərək onun boynuna xəsarət yetirməsinə dair sübutlar da var. Prokurorluq isə belə hesab edir ki, Loretoda yerli əhalini qorxudan “qəribə məxluqlar” və ya “yadplanetlilər” olayının arxasında qanunsuz işləyən şaxtaçılar dayanır.