Yağan yağışlar Goranboy sakininin evini qəzalı vəziyyətə saldı

Son aylarda yağan yağışlar nəticəsində Goranboy sakinin evi qəzalı vəziyyətə düşüb.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, rayonun Xanqərvənd kənd sakini Afət Əsgərovaya məxsus iki otaqlı ev çiy kərpicdən tikildiyi üçün bu vəziyyətə düşüb.

Ev sahibinin sözlərinə görə, 10 il öncə inşa edilən bu evdə son üç ay ərzində mərhələli şəkildə belə arzuolunmaz vəziyyət yaranıb. Afət Əsgərovanın oğlu, gəlini və iki azyaşlı nəvəsi ilə birgə yaşadığı ev artıq bir neçə yerdən çatlayıb. 

Ev sakinləri qorxu içində yaşadıqlarını və hər an evin uça biləcəyini deyir.

Afət Əsgərovanın sözlərinə görə, aidiyyatı qurumlara müraciət olunsa da hələlik bir nəticə yoxdur.

Xanqərvənd kənd İcra nümayəndəsi İlqar Tağıyev Əsgərovlar ailəsinin vəziyyətindən xəbərdar olduqlarını deyir. Onun sözlərinə görə, hazırda müraciət araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv