Yağışdan qorunmaq istəyirdi - ELEKTRİK CƏRƏYANI VURDU 

Şirvanda 17 yaşlı yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb. 

APA TV-nin Mil-Muğan bürosu xəbər verir ki, səhər saatlarında Şirvan şəhərinin çöllük ərazisində elektrik transformatoru yaxınlığında şəxsiyyəti məlum olmayan yeniyetmə meyiti aşkar edilib.

Hadisə yerinə  hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün ərazidən götürülərək Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə yerləşdirilib. Araşdırmalar nəticəsində həmin şəxsin Şirvan sakini, 17 yaşlı Ələkbərov Əli İxtiyar olduğu müəyyən edilib. Tibbi ekspertiza yeniyetmənin elektrik cərəyanı vurması nəticəsində öldüyünü qeyd edir.  

Ehtimal olunur ki, ötən gün aramsız yağan yağışlar nəticəsində trasformatorun ətrafında elektrik dirəyində nəmişlik yaranıb. Bu zaman dirəyin elektrik enerjisinin keçiriciliyi artıb. Nəticədə dirəyə toxunan yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.  

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 
 

Müəllif | Apa.Tv
Apa.tv