Yalandan yasa gedən daha 120 nəfər cəzalandırıldı

Yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 120 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, 16-17 aprel tarixləri arasında həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. 

Bu cür sui-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və onların hər biri 100 manat məbləğində cərimə edilib. 

DİN bir daha diqqətə çatdırır ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Vətəndaşlardan tələb olunur ki, 8103 xidmətindən sui-istifadə hallarına yol verməsinlər. Əks halda, bu davranış karantin rejimi tələblərinin pozulması kimi qeydə alınaraq həmin şəxslər barəsində ciddi cəza tədbirləri görüləcək. 

Müəllif | Apa.Tv
Apa.tv