Yalçın Rzazadə Lənkəranda dəfn ediləcək
Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilib.
APA TV xəbər verir ki, sənətkarın evinin önündə baş tutan mərasimə Xalq artistləri Gülyanaq Məmmədova, Mirnazim Əsədullayev, Teyyub Aslanov və digər incəsənət və mədəniyyət nümayəndələri qatılıb.
“Son nəfəsində “mən necə də xoşbəxtəm” deyən Xalq artisti Yalçın Rzazadə ilə vidalaşmağa gəlmişik. Düzdür, onun ölümünə inanmaq çətindir. Ancaq son üç gün ərzində vəziyyəti ağırlaşan sənətkarı dünən axşam saatlarında itirdik. Allah rəhmət eləsin”.
Xalq artistinin oğlu Mətin Rzayev deyib ki, sənətkarın son günlərindən danışıb: “Yalçın müəllim artıq son üç gündə danışa bilmirdi, çətinlik çəkirdi. Bildiyiniz kimi Yalçın müəllimin üç oğlu var. Dünən xəstəxanada ətrafındakı üç oğluna baxıb son gücünü yığdı və rusca “Mən necə də xoşbəxtəm” dedi. Son sözləri bu oldu. Bir neçə saatdan sonra rəhmətə getdi”.
Xalq artistinin qardaşı oğlu Anar Rzayev duyğularını bölüşüb: “Vallah söz tapa bilmirəm deməyə. Bir əmi kimi, bir Xalq artisti kimi Azərbaycan üçün çox böyük itkidir bu. Atalar sözü var ki, “adam var evdən gedir, adam var eldən gedir”. Bu, eldən gedən insandır. Yəni, böyük sənətkardır. Necə deyərlər, bu, tək mənim hüznüm deyil. Bütün Azərbaycan hüznüdür ki, bu boyda korifey sənətkar rəhmətə getdi”.
Xalq artisti Gülyanaq Məmmədov xatirələrini bölüşüb: “Ömür öz əlimizdə deyil. Ona görə də Yalçın müəllim bu gün son mənzilə yola salınır. Amma gedişi ilə bütün qəlblərdə yaşayır. Onun ifa etdiyi gözəl nəğmələr var ki, biz onlarla böyümüşük. O ifaların, o səsin sehri ilə böyümüşük. Hər zaman da o ifalar, o səs qəlblərdə yaşayacaq”.
Stomatoloji mərkəzin baş həkimi Kamran Aslanov təəssüfləndiyini bildirib: “Allah-təala elə gətirmişdi ki, biz bir-birimizi başa da düşürdük, dostluq da edirdik. Bir, iki gün bundan qabaq, axırıncı dəfə biz telefonla danışdıq. Allah ona rəhmət eləsin. Dedi ki, “Kamran, daha davam eləyə bilmirəm. Mən yorulmuşam. Həddən artıq yorulmuşam”. Nə isə, bu gün bütün Azərbaycan xalqı böyük bir sənətkarı, şəxsiyyəti itirdi”.
Əməkdar artist Mirnazim Əsədullayev sənət yollarının necə kəsişdiyindən danışıb: “Biz sənət yoldaşı olmuşuq. Bir yerdə işləmişik, duz-çörək kəsmişik. Mən deyərdim ki, Yalçın müəllim əvəzolunmaz sənətkarımız idi. Onun estrada janrında özünəməxsus üslubu vardı. Onu yetmişinci illərdən tanıyıram. Onda biz AzTv-nin xalq çalğı alətləri orkestrində işləyirdik. O, ora gəlib bəstəkarların mahnılarını oxuyurdu”.
Qeyd edək ki, bir müddət öncə Türkiyədə müalicə olunmuş Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib.
Xalq artisti Lənkəranın Liman qəsəbəsində dəfn ediləcək.
Mir Çingiz Ağazadə
Əli Ələkbər
APA TV