Yanacaqdoldurma məntəqəsinin işçisinə qarşı quldurluq edən şəxs yaxalandı
Xaçmazda quldurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, yanacaqdoldurma məntəqələrinin birində operator işləyən Elmar Quliyev rayon Polis Şöbəsinə müraciət edərək, bir nəfər şəxsin ona bıçaqla hədə-qorxu gəldiyini və üzərində olan 1450 manat pulu quldurluq yolu ilə ələ keçirdiyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində rayon sakini Sərxan Qabulov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi pulların bir qismini xərclədiyini bildirib. Polis əməkdaşları tərəfindən 700 manat pul isə maddi sübut kimi ondan götürülüb:
“Axşam bir az içkili idim. Girdim yanacaqdoldurma məntəqəsinə bıçaqla. Uşağa hədə-qorxu gəlib 1000 manatdan çox pul aldım. Yarısını xərclədim, 700 manat qalmışdı. Polislər məni tutdular 700 manatı polisə təhvil verdim. Peşmanam”.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.