Yanan evlərin sahiblərinə hansı hallarda pul ödənilir?

Göyçay rayonunun Çərəkə kəndində yaşayan Ömərovlar ailəsinin evi yanıb. İndi ailənin yaşamağa nə başqa yeri, nə də yeni ev tikdirməsi üçün maddi imkanı var.

Üzücü reallıq isə odur ki, gün ərzində bir neçə dəfə ev yanğınları ilə bağlı xəbərlərə rast gəlirik. Bəs, həmin insanların aqibəti necə olur? Hansı hallarda evi yanan şəxslərə yeni ev tikmələri üçün aidiyyəti qurumlar yardım edirlər? Ümumiyyətlə, bu cür hallardan minimum zərərlə çıxmaq üçün nə etməliyik?

Ekspertlər adımıza olan hər növ əmlakı sığortalamağımızın mütləq olduğunu deyirlər. Lakin əksərimiz ya tənbəllikdən, ya maddi, ya da digər sadə səbəblərə görə bu cür əhəmiyyətli məsələyə soyuq yanaşırıq.

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyir ki, qanuna görə, sənədi olan hər bir daşınmaz əmlakın sığortalanması məcburi xarakter daşıyır. Sığortalanmadığı halda, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, həmin şəxslər cəzalandırılmalıdır.

Ekspert qeyd edib ki, müvafiq qanuna əsasən, bu cür hallarda dövlət heç bir məsuliyyət daşımır.

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, kasko sığorta olduğu halda sığortalanmış əmlakın dəyərinə uyğun məbləğ hesablanır, icbari sığortada isə ölkə üzrə konkret limitlər müəyyən olunub. Belə ki, dəymiş zərərin məbləğindən asılı olmayaraq, dövlət tərəfindən zərərçəkmişə Bakı şəhəri üzrə 25 min, Gəncə, Sumqayıt və s. kimi şəhərlər üzrə 20 min, digər inzibati rayonlarda isə 10-15 min manat ödənilir.

Qeyd edək ki, fiziki şəxslərin daşınmaz əmlakı üçün 1 illik icbari sığorta haqqı Bakı şəhəri üzrə 50, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri üzrə 40, digər rayonlar üzrə isə 30 manat təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv