Yanğında xəsarət alanlardan 14-ü Yanıq Mərkəzinə təxliyə olunub
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonunda sexdə partlayışla əlaqədar 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub. APA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Son məlumata görə, 24 nəfər xəsarət alıb. Onlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub. Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib. 14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub. Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir. Əlavə məlumat veriləcək.