Yanğından xilas olmaq üçün ikinci mərtəbədən tullandı - LƏNKƏRANDA

Lənkəranda ev yanıb, xəsarət alan var.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Zövlə kənd sakini Sədi Əsədova məxsus, ümumi sahəsi 192 kvadratmetr olan evdə yanğın olub.

İkimərtəbəli, 6 otaqlı ev içindəki əşyalarla birgə tamamilə yanıb.

Hadisə yerinə Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

Ev sahibi Sədi Əsədov yanğın zamanı evdən heç nə çıxara bilmədiklərini deyir: “10 minə kimi evdə pul olub, 4 min başqasınındır, 6 min evin pulu idi. Heyvan satmışdım, 500 manat da ondan almışdım. 5 min manata yaxın qızılım yanıb. Heç nə çıxara bilmədik, bir paltarlarımız qalıb əynimizdə”.

1986-cı il təvəllüdlü Şahanə Əsədova özünü yanğından qorumaq üçün ikinci mərtəbənin eyvanından aşağı atılıb. Nəticədə xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər ailə üzvləri isə xəsarət almayıb.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərindəki qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv