YAP-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
APA TV-nin məlumatına görə, tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP-ın sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, qanlı yanvar gecəsində vətən uğrunda canını qurban vermiş hər bir şəxs müasir Azərbaycan Respublikasının müstəqillik qazanmasında özünəməxsus yeri var: “Bu gün ayrıca olaraq onu vurğulayırıq ki, Azərbaycanın müstəqillik qazanmasında, öz müstəqil inkişaf yolunu seçməsində 20 Yanvar faciəsi zamanı öz canlarını qurban vermiş insanlarımızın da əməkləri var. Biz bugünkü müstəqilliyimizi, bugünkü inkişafımızı, gələcəyə ümidlə irəliləməyimizi qiymətləndirərkən eyni zamanda bu yolda tökülən qanları və bu qanların sahiblərini də xatırlamalıyıq”.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirir.
Həmidağa Məcidov,
Vətən Sadatlı,
APA TV