YAP-da Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar YAP-ın İcra Katibliyində tədbir keçirilib.
APA TV-nin məlumatına görə, hökumət rəsmiləri, millət vəkilləri və partiya üzvlərinin iştirakı ilə baş tutan tədbirdə əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycan tarixinin son 100 ilinin 50 ili ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Bildirib ki, ümummilli lider hakimiyyətdə olanda həmişə xalqı, dövləti və azərbaycanlı olmağı ilə fəxr edib: “Harada olmasından asılı olmayaraq, azərbaycanlı olmaq onun üçün çox əhəmiyyətli idi və gələcək nəsillərə də bu istiqamətdə həmişə öz tövsiyələrini, tapşırıqlarını verirdi. Bu tədbirdə də əsasən gənclər iştirak edirlər. Bu yaxınlarda cənab Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri oldu.
Prezident orada gənclərlə görüşü zamanı onlara Azərbaycan tarixinin mükəmməl öyrənilməsinin, ölkəmizin hansı çətinliklərdən keçərək indiki vəziyyətə gəldiyini öyrənməyin vacib olduğunu deyib”.
Daha sonra çıxış edən YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı isə deyib ki, Azərbaycan xalqı Heydər Əliyevi hər gün anır. Bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır.
Tədbir çıxışlarla davam edib.