YAP Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə fotosərgi təşkil edib

YAP-da “Xocalı faciəsi fotolarda” adlı fotosərgi fəaliyyətə başlayıb.

 

APA TV-nin məlumatına görə, Yeni Azərbaycan Partiyasının İcra Katibliyində, Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan fotosərgidə baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini Siyavuş Novruzov və partiyanın digər rəhbər şəxsləri iştirak ediblər.

 

Əli Əhmədov bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşına çevrilib və tarixin bütün mərhələlərində ən qanlı faciə kimi xatırlanacaq: “Bu faciə təkcə hərbi cinayət deyil. Bu, bəşəriyyətə qarşı çevrilmiş bir hərəkət, bir vəhşilik, bir cinayət idi. Eyni zamanda biz Xocalı faciəsini birmənalı şəkildə, qəti olaraq soyqırım hesab edirik. Həlak olan insanların yeganə günahı azərbaycanlı olmaları idi”.

 

Əli Əhmədov qeyd edib ki, Xocalı faciəsi zamanı həyatını itirən hər azərbaycanlının qəhrəmanlığını unutmamalıyıq və bunu gələcək nəsillərə çatdırmalıyıq: “Xocalıda baş verən qətliamda öz həyatını itirən insanlar dinc əhali idi.  Xüsusi ilə də həlak olan 613 nəfər Xocalı sakinin içində uşaqlar, qadınlar, qocalar var idi ki, onlar dinc əhali olmaqla yanaşı eyni zamanda düşmən üçün təhlükə mənbəyi deyildi”.

 

Qeyd edək ki, YAP Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirləri davam etdirir.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv