Yaponiyanın sabiq Baş naziri çıxış edərkən güllələndi
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.
APA TV-nin xəbərinə görə, hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Şahidlərin dediyinə görə, 2 atəş səsi eşidilib. Hücumda şübhəli bilinən Nara şəhər sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqami polis tərəfindən saxlanılıb.
Yaponiya hökuməti Şinzo Abeyə sui-qəsdlə bağlı böhran qərargahı yaradıb.
Baş nazir Fumido Kisida Yamaqata prefekturasına səfərini yarımçıq qoyaraq paytaxt Tokioya qayıdaraq qərargaha rəhbərlik edir.
Yaponiyanın keçmiş Baş nazirinin ölümü ilə bağlı Britaniyanın maliyyə naziri Nadim Zahavi də "Twitter" səhifəsində məlumat paylaşıb.
"Yaponiyadan ürək ağrıdan xəbər gəldi. Keçmiş Baş nazir Şinzo Abe hücumçu tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib. Biz siyasətə dünyanı daha yaxşı bir yerə çevirmək üçün qoşuluruq, yaxşı insan bu nəcib məqsəd uğrunda həyatını itirdi. Əbədi hüzur içində yatsın", - deyə nazir qeyd edib.
Qeyd edək ki, Şinzo Abe iki dəfə - 2006-2007-ci və 2012-2020-ci illərdə Yaponiyanın Baş naziri vəzifələrində çalışıb