Yaqut Qarayeva: “Azərbaycanda koronavirusla bağlı ölüm hallarında artma yoxdur”

Bakıda “18-24 noyabr Ümumdünya Antibiotiklərlə Bağlı Maarifləndirmə Həftəsi”nə həsr edilmiş "COVID 19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

 

APA TV xəbər verir ki, Konfransda “Azərbaycan və Türkiyədən olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən ümumilikdə 19 məruzə dinlənilib.

 

Elmi konfransda çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov deyib ki,  pandemiya ilə mübarizədə aparmaq üçün 46 dövlət xəstəxanası açılıb.

 

Onun sözlərinə görə, 1600-dən çox xəstə Mərkəzi Gömrük Xəstəxanasında müalicə alıb,

ECMO cihazından ilk dəfə bu hospitalda istifadə olunub.

 

"Pandemiya başlayanda vaksinasiya olmayanda epidemiyanın idarə edilməsi üçün bağlanmalara gedirdik, bundan başqa yol yox idi".

 

Bunu isə konfransa çıxış edən TƏBİB-in xəstəliklərin profilaktikası kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, bu gün tövsiyə olunduğu kimi buster doza vaksini vurdurmaq lazımdır. Əlavə edib ki, Azərbaycanda ölüm göstəricilərində artma müşahidə olunmur.

 

Beynəlxalq Elmi Konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov  deyib ki, COVID 19-la bağlı antibiotiklərin, steroidlərin, antiviralların, yüzlərlə lazımsız dərmanların istifadəsi də ölümlə nəticələnir.


R. Mahmudov deyib ki, bütün bunlar reanimasiyalarda ağır xəstələrin artmasına da gətirib çıxarır  ki, bunun ölkə və ailə üçün maddi yükünü, psixoloji təsirləri nəzərə alaraq bu məsələyə laqeyd yanaşa bilmərik.

 

ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, antibiotiklər koronavirus xəstəliyinin qarşını almasa da, Avropada bu dövrdə bu dərmanlardan istifadə geniş hal alıb. Onun sözlərinə görə, 9 regionda aparılan araşdırmalardan məlum olub ki, əhalinin 79-96 faizi bu dərmanları sadəcə xəstəliyə yoluxmamaq üçün istifadə edib və heç koronavirusa yoluxmayıb.

 

Həkim-infeksionist Vasif Əliyev bu dövrdə insanların daha çox antibakterial, antidepresantlar istifadə etdiyini deyib.

 

O bildirib ki, panikaya düşən şəxslər xəstəliyi ağır keçirir.

Müəllif | Apa.Tv
Apa.tv