Yaralı əsgərini xilas etmək istəyərkən şəhid olan kapitan - REPORTAJ
İki bacının tək qardaşı, ailənin sonbeşiyi Vüqar Nəcəfov 2783 şəhidimizdən biridir. 1988-ci ildə Ordubad rayonun Dırnıs kəndində anadan olub. Uşaqlıq illərindən hərbçi olmaq arzusunda olub, atası və əmisi Birinci Qarabağ Müharibəsinin iştirakçısı, dayısı ordu kapitanı olub.
Aydın dayı deyir ki, Vüqar gözünü açandan ailədə hərbçilərin əhatəsində böyüyüb. Bəlkə də elə buna görədir ki, uşaqlıq arzusunu böyük sevgi ilə gerçəkləşdirib: “19992-ci ildə Vüqar məktəbli idi. Ordubadın Dırnıs kəndinə Birinci Qarabağ Müharibəsinin 5 şəhidi gətirilmişdi, Şəhidlər Xiyabanı salınmışdı. Uşaq olmasına baxmayaraq, tez-tez ora gedirdi, evə qayıdanda deyirdi ki, ata, onların qanını yerdə qoymaq olmaz”.
Dərslərini əla qiymətlərlə oxuyan Vüqar müəllimlərinin də sevimlisi olub. Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. Beyləqan-Füzuli bölgəsində ön xətdə fasiləsiz olaraq qüsursuz xidmət edib. İlyarım əvvəl isə hücum alayında xidmətə başlayıb. Sentyabrın 27-dən bu alayın tərkibində Vətən Müharibəsinə yollanıb. Oktyabrın 1-də isə Cəbrayıl rayonunun Ruzigar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub: “Yoldaşlarının dediyinə görə, yaralı əsgəri ön nöqtədən çıxarmağa nail olub. Sonuncu döyüşçü yoldaşını xilas etmək istəyərkən snayperdən açılan atəş nəticəsində şəhid olub. Ondan əmanət iki övladı qalıb, onları yaşatmaq üçün yaşayırıq”.
Anası Şəmsiyyə Yusifova deyir ki, Vüqar mənim tək övladım olmayıb, dostum, atam, qardaşım olub: “Ali Hərbi Məktəbə sənədləri mənimlə birlikdə hazırladı. Naxçıvana getdik. Naxçıvanski adına liseyin qarşısında oturub gözləyirdik, dedim, oğul, bu, sənin qəti fikrindirmi hərbçi olmaq? Dedi, qətidir, ana! Beləcə, sənədlərini verib qayıtdıq. Həmişə deyərdi, ana sənin başını uca edəcəm. Bir döyüşçünün şəhidlik xəbəri gələndə deyərdi, ana, Allah mənə də o zirvəni qismət eləsin”.
Ailənin tək oğul övladı olmasına baxmayaraq, anası Vüqarın xaraktercə ərköyün olmadığını bildirir: “Gedən gecəni zəng elədi, dedi, ana, gedirəm, xeyir-dua ver. Dua etdim. Səhərə qədər yata bilmədim. Səhər 6-nın yarısı olardı, səsli SMS atdı ki, sağollaşsın. Dedim, bala, Allah hamınızı qorusun. Axırıncı sözü bu oldu: “Ana, səni çox sevirəm, Allah sizi qorusun”. Sentyabrın 27-si gecəsi yuxuma girdi. Gördüm deyir ki, ana üstümü ört, üşüyürəm. Yəqin ki, bu Allahın işarəsiymiş”.
Sara xanımla Vüqar toyda tanış olublar, sonradan bu tanışlıq böyük sevgi ilə bitib. 8 il ailəli olublar. Bu sevgidən iki övlad doğulub - İncinin 5, Aydının 4 yaşı var. Həyat yoldaşı Sara Nəcəgova Vüqarın yaxşı ailə başçısı olduğunu deyir. Hərbçi olduğundan, onu az-az evdə tapmaq olarmış. Amma harada olmasından asılı olmayaraq, tez-tez zəng edər, onlarla maraqlanarmış: “İnanıram ki, bizi görür. Cismən olmasa da, ruhən bizimlədir. Amma onsuz çətindir. Uşaqlar tez-tez soruşur atalarını. 8 illik ömür yaşadıq. Toyumuzun 8-ci ilində şəhid oldu”.
Günel Abdullayeva ailənin ilk qız övladı, Vüqarın böyük bacısıdır. “Vüqar mənim dünyamdır” deyir Günel, onun yarıda qalan arzularını gerçəkləşdirmək üçün yaşadığını dilə gətirir: “Yayda dedim ki, Vüqar, deyirlər, Quba-İsmayıllı zonası gözəldir. Bəlkə uşaqları da götürək, gedək gəzək. Dedi ki, oraları bilmirəm, amma ən böyük arzum Kəlbəcərdə gəzməkdir. Dedi, o dağlar bizim dağlara bənzəməz, başqa dağlardır. İndi ən böyük arzum nədir, bilrisiz? Vüqarın ayağından çıxardığımız çəkmələrini geyinib, onun balaları ilə Kəlbəcərə getmək....”
Bacısı Günay Rəcəbova da Vüqarın yoxluğuna inanmır: “Ayın 27-si zəng elədi atam. Dedi, Vüqar gedir. Zəng elədim, dedi, bacı, sənin mənimlə nəfəs aldığını bilirəm. “Səni nəfəssiz qoymaram” dedi. Hər gün danışırdıq. Ən son ayın 30-da danışdıq. Səsi zəif gəlsə də, əhvalı çox yaxşı idi. Nigaran qaldıq, düzü. Dedi, nigaran qalma, mən sənə verdiyim sözü tutacam, amma....”
Vüqar tək ailəsinin deyil, qohumlarının, dostlarının və qonşularının da sevimlisi olub. Yaxın qohumu Baba Babayev deyir ki, göz açandan bizləri hərbçi formasında görmüşdü və onu heç nə hərbçi olmaq arzusundan daşındıra bilməzdi: “Fəxrimizdir, qürurumuzdur Vüqar. Yeri heç vaxt dolmayacaq. İtkisi ilə barışmasaq da, bir onu bilirik ki, başımız ona görə çox ucadır”.
Vüqarın yadigarı İnci atasının sevimlisi olub. Baş verənlərdən xəbərsiz hər gün atasının zəngini gözləyir: “Ataya söz vermişəm ki, yaxşı oxuyacam”.
Məqamın uca olsun, cənab kapitan! Ruhuna dərin ehtiramla!
Sevinc Vaqifqızı
Faiq Həsənov