Yardımlıda iki min il yaşı olan küp qəbirlər tapıldı
Yardımlıda 2 min il yaşı olan küp qəbirlər tapılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, keçən il rayonun Urakəran kənd sakini öz pay torpağında təsərrüfat işləri aparan zaman saxsı əşyalar tapıb. Sonradan məlum olub ki, bunlar sadəcə saxsı qablar deyilmiş.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr üzrə Yardımlı-Lerik arxeoloji ekspedisiyasının rəhbəri Ceyhun Eminli deyir ki, ərazidə təsərrüfat işləri dayandırılıb: “Kənd ziyalıları, yerli icra nümayəndəliyinin müdaxiləsindən sonra bu təsərrüfat işləri dayandırılmışdır. Biz əraziyə baxdıq və buranın çox tarixi keçmişinin və zəngin maddi-mədəniyyət nümunələrinin olmasını nəzərə alaraq buradakı tədqiqatların aparılmasının vacibliyini hiss etdik”.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr üzrə Yardımlı-Lerik arxeoloji ekspedisiyası bu ayın ortalarında Urakəran kəndinin Bilgəh adlanan sahəsində tədqiqatlara başlayıb. Ceyhun Eminlinin sözlərinə görə, 4 fərqli sahədə yoxlama qazıntıları aparılıb və nəticədə küp qəbirlər aşkar olunub: “Gördüyünüz bu küp dəfn küpüdür, bunun 2000 il yaşı vardır və 2 metr hündürlüyə malik bir küpdür. İçərisində müəyyən əşyalarla birlikdə insan dəfn olunmuşdur və bu küpün, dəfnin özəlliyi ondan ibarətdir ki, küp dikinə və nisbətən maili vəziyyətdə qoyulmuşdur. Yer səthinə yaxın hissədə ağzına belə bir iri qapaqlar örtülmüşdür. Bu ərazidə bu cür küplərin belə bütöv halda aşkar olunması çox nadir hallardandır”.
Digər maraqlı məqam isə dəfn küplərindəki bəzək əşyalarının içərisində Roma təsiri ilə buraya düşmüş maddi-mədəniyyət nümunələrinin olmasıdır. Təsir o mənada ki, bu, həmin dövrdə ticarət əlaqələrinin göstəricisi idi: “Küp qəbirlərlə bərabər ərazidə iri daşlarla örtülmüş qəbirlər də vardır, kifayət qədər geniş ərazini əhatə edən qəbirlərdir. Daş örtüklü bu qəbirlərin tədqiqatı hələ davam edir. Bu barədə daha ətraflı fikir söyləmək çətindir. Amma göründüyü kimi burada 0.5-1 ton və daha çox çəkisi olan daşlardan qəbir kamerası üzərinə örtüklər qoyulmuşdur. Bu qəbirlər küp qəbirlərdən nisbətən qədimdir və bu onu göstərir ki, ərazidə 200-400 ili əhatə edən davamlı yaşayış olmuşdur”.
Bəzi nümunələrdən görünür ki, həmin bu daş örtüklü qəbirlərin yarısı öz dövründə talan olunub. Bir çox qablar qırıq vəziyyətdə qəbir kamerasından, onun əhatə elədiyi yerdən kənara atılıb. Qeyd edək ki, tədqiqatlar sentyabrın ortalarına qədər davam edəcək. Tapıntılar plana salındıqdan, foto, sənədləşmə və çöl işləri bitəndən sonra tədqiqatlar kameral və laborator şəraitdə davam edəcək. Maddi-mədəniyyət nümunələri bərpadan sonra rayon diyarşünaslıq muzeyinə və respublikanın aparıcı muzeylərinə təhvil veriləcək.
Tural Kərimov,
Rövşən Əzimov, APA TV