Yarımsəhra ərazidə yerləşən rəngarəng Azərbaycan kəndi – Kürsəngi

 

 Bu gün sizə bozumtul, yarımsəhra ərazidə yerləşən amma ən rəngarəng həyatların, evlərin olduğu bir kənddən danışacağıq. Bura Salyan rayonunun Kürsəngi kəndir. Burada evlərə, həyatlara rəngarənglik qatan xalçalardır. Kürsəngi sakinlərinin ilmələrə hördüyü xəyalları, onların evlərini bəzəyən xalçalara çevrilir. Bu kənddəki hər evdə Qarabağ, Quba, Şirvan, Təbriz xalçaçılıq məktəbinin nümunələrinə rast gələ bilərsiniz. Böyük bir dövrdə xalçaçılıq ənənələri olan Kürsəngi kəndində Gülüstan xalısı, Qollu-çiçi, Dörd fəsil, Pirəbədil, Zeyvə, Şahnəzəri, Qaraqaşlı, Zili və sair növləri toxunur. Burada namazlıq, xurcun, divar bəzəyi kimi toxunan xalıları, palazları sənət əsəri nümunələri də saymaq olar. Azərbaycanın xalçaçılar kəndi kimi tanınan Kürsəngi kəndində demək olar ki, hər evdə toxucu dəzgahı var. Amma çoxu sökülmüş vəziyyətdə anbarlarda saxlanır. Çünki son zamanlar kənddə xalçaçılığa maraq azalıb. Sakinlər bildirir ki, xalçaçıların azalmasının səbəbi toxuduqlarını satmaq üçün bazar tapa bilməmələridir. Vaxtilə kənddə xalçaçılıq məktəbi də olub. Kənddə bir çoxunun diplomu da var. Məktəbdə xalçaçılıq sexi də fəaliyyət göstərib. Rayon mərkəzində xalça bazarı fəaliyyət göstərib. Sonradan xalçaçılıq sexi bağlanıb. Bu gün Kürsəngi kəndində evlərdə olan palazların, xalçaların çoxunun 2-3 əsr yaşı var. Onlar bu xalçaları əziz xatirə kimi saxlayıb, gələcək nəsillərə ötürürlər. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv