Yasa getmək adı ilə əsassız icazə alan daha 50 nəfər cəzalandırıldı
Ötən sutka ərzində yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə əsassız icazə alan daha 50 nəfər inzibati qaydada cəzalandırılıblar.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, "Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" olan 8103 qısa nömrəsinə SMS göndərən şəxslər Bakı və Respublikanın ayrı-ayrı rayonlarında yaşayan vətəndaşlardır.
Həmin şəxslərin polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür sui-istifadə hallarına yol verənlər hər biri 100 manat məbləğində cərimə ediliblər.
Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi araşdırılır. Buna görə də vətəndaşlardan tələb olunur ki, bu xidmətdən sui-istifadə hallarına yol verməsinlər. Əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.