Yasamal rayonunda sosial aksiya keçirildi – VƏTƏNDAŞLARA TİBBİ MASKA, ƏLCƏK VƏ SPİRT PAYLANILDI

Koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının qorunması məqsədilə paytaxtın Yasamal rayonunda xüsusi aksiya keçirilib.

 

APA TV xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyəti nəzdində Operativ Qərargahın qərarına uyğun olaraq həyata keçirilən aksiya zamanı minlərlə rayon sakininə pulsuz tibbi maska, əlcək və tibbi spirt paylanılıb.

 

Aksiyada Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsinin əməkdaşları, həmçinin 50-dən çox könüllü iştirak edib. Yasamal Rayon İcra Hakimiyyəti başçısının şöbə müdiri Xaqan Teymurov deyir ki, onlar metro stansiyalarının ətrafı və əhalinin gur toplaşdığı digər ictimai məkanlarda insanlara pulsuz qoruyucu vasitələr paylayıblar: “Bildiyiniz kimi ayın 18-dən bəzi sərt qaydalar dayandırılıb.  Lakin buna baxmayaraq, sakinlər arasında bir az arxayınlıq müşahidə olunur. Tibbi maskaların taxılmaması, sosial izolyasiya qaydalarına riayət edilməməsi və yaxud da məsafə saxlanılmaması kimi hallarla bağlı olaraq, bu ilin mart ayında Yasamal RİH-in nəzdində yaradılan Operativ Qərargahın qərarına uyğun olaraq Yasamal Rayon Könülllər təŞkilatı və Yasamal rayon Bələdiyyəsi ilə birlikdə hazırda maska taxmayan və əlcək istifadə etməyən vətəndaşlara pulsuz tibbi maska, əlcək və tibbi spirt qabları və məlumatlandırıcı broşürlər paylanılır.

 

Qeyd edək ki, Yasamal rayonunda koronavirusla mübarizə çərçivəsində mütəmadi qaydada tibbi-profilaktiki dezinfeksiya işləri davam etdirilir.

 

Mir Çingiz Ağazadə

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv