Yasamalda 32 mənzilə çıxarış veriləcək – SAKİNLƏRDƏN İLKİN SƏNƏDLƏR QƏBUL EDİLİB
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kompaniyası çərçivəsində bu dəfə istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillərə mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, 124 ünvanında baş tutdu. Səyyar sənəd qəbulunda sakinlərdən 32 mənzilə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər qəbul edilib.
APA TV-nin xəbərinə görə, mənzillərin İqtisadiyyat Nazirliyinin müvafiq strukturunda səyyar qeydiyyatı Prezidentin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrası çərçivəsində həyata keçirilir.
Sənədlərin qəbul edilməsi tədbirində iştirak edək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ərazi idarələri ilə iş şöbəsinin müdiri Anar Rzayev bildirib ki, bununla da, 16 595 mənzilə mülkiyyət sənədlərinin verilməsinə şərait yaradılır: “Qeyd edilən binalardakı mənzillərin çıxarışla təmin edilməsinin bu ilin sonunadək tam başa çatdırılması planlaşdırılır. Prosesin daha çevik və vətəndaşlar üçün rahat formada keçirilməsi məqsədi ilə əvvəlcədən elan olunmuş ünvanlarda, müəyyən edilən qrafik üzrə sənədlərin səyyar qəbulu mütəmadi olaraq keçiriləcək”.
Onun sözlərinə görə, Bakı üzrə icazə verilən yeni binalardakı mənzillər çıxarışla təmin olunduqdan sonra proses Xırdalan, Yevlax və Gəncə şəhərlərində davam etdiriləcək. Hazırda bu şəhərlərdə istismarına icazə verilmiş, lakin mənzilləri mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilməyən 4 yaşayış binası mövcuddur.
Qeyd edək ki, fərman imzalandığı gündən indiyədək istismarına icazə verilmiş, müxtəlif mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi 279 yaşayış binasında 22 322 mənzilə elektron çıxarış verilib.
Bununla yanaşı, Bakı şəhəri üzrə istismarına icazə verilmiş 44 yaşayış binasını inşa edən şirkətlərin təşkilati-hüquqi formanı əvvəlcədən düz seçməməsi səbəbindən həmin yaşayış binalarındakı mənzillərin sənədləşdirilməsində fasilə yaranmışdı. Binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı dövlət başçısının müvafiq Fərmanının tələblərinə əsaslanaraq və vətəndaşların mənafeyi nəzərə alınaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-larda olduğu kimi, mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınıb.
Növbəti sənəd qəbulu isə iyulun 25-də, saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 990 ünvanında keçiriləcək.
İlahə Vəliyeva
Əli Ələkbər
APA TV