Yasamalda həyəcan siqnalı - Yanğın təhlükəsi
Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhəri, Yasamal rayonunda yerləşən 286 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
FHN-in əməkdaşları nəzəri hissədə təlim iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarx nümayiş etdiriblər.
Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra nazirliyin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar.
Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Turqay Abbaslı jurnalistlərə açıqlamasında təlimin uğurla başa çatdığını, qarşıya qiyulmuş məqsədə nail olunduğunu deyib.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.