Yaşayış evi yandı, bir nəfər yanaraq öldü - MASALLIDA
Masallı rayonunun Mollaoba kəndində yanğın olub.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, kənd sakini 1966-cı il təvəllüdlü Müqabil Abdullayevə məxsus ikimərtəbəli yaşayış evi yanıb. Ümumi sahəsi 300 kvadratmetr olan evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 kvadratmetr sahədə və qaraj kimi istifadə olunan 1-ci mərtəbəsində ”Opel” markalı minik avtomobili yanıb.
Yanğın nəticəsində ev sahibi Müqabil Abdullayev dünyasını dəyişib. Mərhumun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. O, kənddə tək yaşadığından yanğın zamanı evdə başqa heç kim olmayıb.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV