Yaşayış yerini tərk edən koronavirus xəstələri barədə cinayət işi açıldı
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Elnarə Hüseynova saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Onun evini tərk edərək aptekə getməsi isə kameralar tərəfindən lentə alınıb.
Analoji tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.
Belə ki, aktiv koronovirus xəstəsi olan Faiq Hüseynova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb.
Hər iki şəxs barəsində cinayət işi başlanılıb.