Yaşlı arıçıların arı ailələrini başqa rayonlara daşımasına icazə veriləcəkmi?
80 yaşlı Şahid Məmmədov ömrünün 50 ilini arıçılığa həsr edib. Ağcabədi rayonunun Xocavənd kənd sakini olan arıçı yerli və xarici cins arı ailələri yetişdirir.
APA TV-nin yerli bürosunun məlumatına görə, onun təsərrüfatında olan yerli “Boz Qafqaz” arı cinsi isə ən qədim arı cinslərindəndir.
Bundan başqa, arıçı Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Ukraynadan Karpat, Almaniyadan Karniyol, Bakvas cins arıların damazlığını gətirərək sürfə köçürmə yolu ilə yetişdirib.
80 yaşlı arıçı deyir ki, bal, çiçək tozu, arı südü, vərəmum, mum, arı zəhəri və sair arıçılıq məhsullarının istehsal edildiyi bu sahə həm də insanların sağlamlığı baxımından olduqca əhəmiyyətlidir.
Tərkibinə və müalicəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən arıçılıq məhsulları həm də immuniteti gücləndirən əvəzsiz təbii vasitələrdən hesab edilir. Bunları nəzərə alan Şahid baba da bu yaşlı çağında yorulmadan çalışır. Dediyinə görə, gəliri də pis deyil.
İldə iki dəfə - may balı və yay balı süzür. May balının süzümü başa çatdıqdan sonra iyunun əvvəllərində arı ailələrinin bir qismini dağa aparır. İki ay ərzində arılar dağda cökə, kəklikotu, qantəpər, dağ qanqalı, aranda qalan arılar isə biyan, akasiya, yulğun, böyürtkən, yağtikanı, yonca və digər çiçəklərdən bal toplayırlar.
Müsahibimiz deyir ki, yaxşı məhsul əldə etmək üçün arı ailələrini yayda yaylağa, havalar soyuyanda isə qışlağa aparmaq lazımdır. Lakin hazırda ölkədə karantin rejimi tətbiq edildiyindən yaşlı arıçı çıxılmaz vəziyyətə düşüb.
Kənd Təsərrüfatı Naziri İnam Kərimov isə arıçılıqla məşğul olan yaşlı fermerlərin problemlərinin həlli üçün alternativ yolların axtarıldığını deyir.
Qeyd edək ki, martın 31-dən ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına əsasən 65 yaş üzərində olan vətəndaşların evdən çıxmamağı tövsiyə edilir.