Yaşlı qadını iki dəfə qarət etdi - BAKIDA İNANILMAZ CİNAYƏT

Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, ev 20 ünvanında yaşlı qadına qarşı quldurluq edilib.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən zərərçəkən binanın girişində ona naməlum şəxsin hücum etdiyini, zorakılıq hərəkətləri ilə əlindəki içərisində 3200 manat, şəxsi sənədlər, bank kartları və bir ədəd “Samsung” markalı mobil telefon olan çantanı talayıb qaçmaqla quldurluq cinayəti törətdiyini bildirib. 

Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Mirzə Əliyev saxlanılaraq istintaqa təqdim edilib. 

Araşdırma zamanı saxlanılan şəxsin qeyd edilən hadisədən bir neçə ay əvvəl zərərçəkən qadına qarşı başqa cinayət törətdiyi də müəyyən edilib. Belə ki, Mirzə Əliyev 13 sentyabr 2019-cu il tarixində həmin qadın Nəsimi rayonundakı marketlərdən birindən çıxarkən ona əlində olan paketləri daşımağa kömək etmək adı ilə yaxınlaşıb. Paketləri evə qaldırandan sonra zərərçəkən qadın Mirzə Əliyevə su gətirmək üçün mətbəxə keçən zaman o, xanımın içərisində 2350 manat olan çantasını oğurlayaraq hadisə yerindən qaçıb. Sonuncu dəfə isə qadını bankomatdan pul çıxaran zaman görən Mirzə Əliyev onu təqib edərək, binanın girişində ona hücum edib.

Qeyd edək ki, Mirzə Əliyev barəsində cinayət işi başlanılıb. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər. 

Müəllif | Apa.Tv
Apa.tv