Yaşlı qadının evi yandı, özü isə yanaraq öldü - BAKIDA

Paytaxtın Xətai rayonunda yanğın hadisəsi baş verib.

 

Yanğın hadisəsi Xətai rayonunun Əhmədli qəsəbəsinin Balaxan Süleymanov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

 

APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi, polkovnik Xudat Nəbiyev bildirib ki, hadisə təxminən saat 15:17 radələrində baş verib: "Yanğın nəticəsində sahəsi təxminən 70 kvadratmetr olan evin 25 kvadratmetri yanıb. Yanğın söndürülüb, digər yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Yanğın kəşfiyyatı zamanı yataq xəstəsi olan qadının meyiti aşkarlanıb". 

 

Hadisə şahidləri deyir ki, yanğın ehtiyatsızlıqdan baş verib:

 

- Özüm işdə idim. Yoldaşım zəng etdi ki, tez gəl qonşunun evi yanır. Mən də qaça-qaça gəldim. Gördüm ki, ev artıq alov tutub, artıq biz tərəfə keçir. Qonşular sağ olsun, yanğınsöndürənlər sağ olsun ki, söndürdülər yanğını. Allah köməkləri olsun.

 

- Evdə soba olub. Sobanın üstünə ipdən paltar asıblar. Həmin paltar qırılıb, oradan düşüb həmin sobanın üzərinə və yanıb. Qadın da yaşlı idi. 10 gün olardı ki, yıxılıb ombası qırılıb. Yəni yataq xəstəsi idi. Əgər nə isə olmasa idi, durub özü çıxa bilərdi. Ona görə də içəridə qalıb. Allah rəhmət eləsin.

 

Qeyd edək ki, hazırda yanğınla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv