Yaxın gələcəkdə Azərbaycana ting idxalının qarşısı alınacaq - REPORTAJ

Ölkəmizdə ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə istehsal olunan vegetativ klon calaqaltı formaları sahəyə köçürülüb. 

Bu barədə APA TV-yə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan məlumat verilib. İnstitutun Biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanovun sözlərinə görə, çəyirdəkli meyvə bitkilərinin 4 calaqaltıları in-vitro üsulu ilə çoxaldılıb və  bütün mərhələləri keçdikdən sonra sahəyə köçürülüb: “Bu bitkilər normal boya və kök sisteminə malik olduğu üçün  açıq sahəyə də adaptasiyası uğurlu keçəcək”.

Onun sözlərinə görə, calaqaltılar calaq olunandan bir il sonra sağlam və yüksək keyfiyyətli əkin materialı əldə ediləcək. Bu bitkilərin ən böyük üstünlüyü virussuz olmasıdır.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov deyir ki, bu calaqaltılar iqtisadi baxımdan çox əlverişlidir. Belə ki, calaqaltılar üzərində calaq edilən meyvə tingləri 3-cü ildə məhsula düşür, 5-ci ildə isə artıq bağa qoyulan xərcləri çıxarır: “Adi calaqaltılarda bir hektardan 15 ton məhsul əldə olunursa, bu calaqaltılar üzərində yetişdirilən tinglərdən isə bir hektardan təxminən 50 tona qədər məhsul əldə etmək mümkündür. Bu bağlardan əldə olunan məhsulun keyfiyyəti də bazar tələblərinə tam cavab verir. Yəni, məhsulun rəngi parlaq, ölçüləri iri və standart olurlar”.

İnstitutun direktoru bildirir ki, xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya məşəli xəstəliklər aşkar edilir. Layihənin əsas məqsədlərindən biri də ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir. Gələn ilin sonuna kimi 1 milyonadək tingin istehsalı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.

Müəllif | Apa.Tv
Apa.tv