Yaxın günlərdə şəhər-rayon polis idarələrində də COVID-19 əleyhinə vaksinasiyaya start veriləcək

Azərbaycanda polis əməkdaşları arasında vaksinasiya prosesi davam etdirilir. Polis əməkdaşlarının peyvəndlənməsi Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında həyata keçirilir.

 

APA TV xəbər verir ki, Daxili  İşlər Nazirliyinin tibb idarəsinin şöbə rəisi Loğman Zeynalov jurnalistlərə açıqlamasında yaxın vaxtlarda respublikanın şəhər-rayon polis idarələrində də COVID-19 əleyhinə vaksinasiyaya start veriləcəyini bildirib: “Vaksinasiya strategiyanın əsas prinsiplərindən olan könüllülük əsasında həyata keçirilir. Vaksin edilmək üçün müraciət edən əməkdaş öncə həkim tərəfindən müayinə olunur. Hər hansı əks göstəriş halı olmadıqda vaksin vurulur. Vaksinasiya prosesi başlanandan həyata keçirilən proseslər zamanı əməkdaşlar arasında hər hansı xoşagəlməz hal baş verməyib”.

 

Vaksin vurulan polis əməkdaşları da, vətəndaşlarla daimi ünsiyyətdə olduqları üçün ilkin mərhələdə vaksin olunmaq istədiklərini deyirlər:

 

- Mənə vaksin vuruldu. Özümü yaxşı  hiss edirəm. Heç bir problem yoxdur. Könüllü gəlmişik. Hər hansı narahatlığım yoxdur.  

 

- Vaksinasiyanın 2-ci mərhələsi 21 gündən sonra olacaq. Biz 21 gündən sonra həmin şəxsləri məlumatlandırırıq. 2-ci dozanı almağa gələcəklər. Əməkdaşlarımızın hamısını peyvənd olunmağa çağırıram. Qorxmasınlar, mən özüm ilk gün peyvənd olunmuşam. Özümdə heç bir əlavə təsir hiss etməmişəm.

 

Qeyd edək ki, Bakıda polis əməkdaşları arasında vaksinasiya prosesinə fevralın 6-dan start verilib. Arif Heydərov adına Respublika Hospitalı və digər klinikalar zəruri avadanlıqlarla təchiz olunub. Vaksinasiyanı aparacaq tibb işçiləri təlimlərə cəlb edilib.

 

Xələf Xələfov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv