Yaxın Şərqi kim qarışdırır? - İran, ABŞ, Rusiya, Çin, yoxsa?..

 

Yəhudilərin müqəddəs Şabat günü, yəni oktyabrın 7–də səhər saatlarında Həmas silahlı qruplaşmasının “İzzəddin əl-Qəssam” qanadının İsrailə hücumu dünya gündəmini dəyişdi. Üstəlik, qarşıdurmaya görə beynəlxalq mövqelər də birmənalı olmadı. Tarixçilər Qəzza bölgəsində sonuncu dafə belə bir qanlı qarşıdurmanın 1973-cü ildə olduğunu söyləyirlər. Hər iki tərəfdə minlərlə mülki şəxslər həlak olub, on minlərlə yaralı var. Hadisələrin hansı istiqamətdə davam və inkişaf edəcəyi barədə müxtəlif fikirlər, paralel olaraq da suallar yaranıb. Həm texnoloji, həm hərbi, həm də kəşfiyyat gücünə görə dünyada ilk sıralarda olan İsrailin belə bir zərbə alması təəccüblü görünür. Əvvəlcə gəlin, qarşıdurmanın tərəflərini ayırd etməyə çalışaq. İsrailə ilk dəstək təbii ki, ABŞ-dan gəldi və prezident Bayden çıxışında “İsrailin təhlükəsizliyinə dəstəyimiz qaya kimi sağlamdır” dedi. ABŞ rəsmilərinin məlumatına görə, İranın qarşıdurmaya müdaxiləsinin qarşısını almaq üçün Yaxın Şərqə 25 qırıcı və 6 ABŞ döyüş gəmisi göndərilib. İran prezidenti Rəisi isə bildirib ki, İran dünyanı məzlum Fələstin xalqına qarşı zülm və zorakılığın, müqəddəs Qüdsün təhqir olunmasının əbədi olaraq davam edə bilməyəcəyinə diqqət yetirməyə çağırır. O baş verənləri Fələstin xalqının qanuni müdafiəsi adlandırıb. Maraqlıdır ki, dünya mediasında İsrailin Rusiya-Ukrayna müharibəsində tərəf tutmamasına görə, qlobal güclərin onu “Həmas”ın “əli” ilə cəzalandırdığını yazırlar. Məşhur "Voll Strit Jurnalı"nın yaydığı məlumata görə, İsrailə hücum planı İran tərəfindən hazırlanıb. Qeyd olunub ki, əməliyyat bu ilin avqustundan oktyabrına qədər HƏMAS ilə razılaşdırılıb. Hər şey hazır olandan sonra Tehran əməliyyat üçün "yaşıl işıq" yandırıb. Bir çox dərgilərdə Qəzzaya hücumdan kəşfiyyatın xəbərdar olmasından yazırlar. “Reuters” isə yazıb ki, illərdir Həmas İsrailin gözləri önündə hazırlıqlar keçir. Bunu görməməsi və reaksiya verməməsi İsrail kəşfiyyatının zəifliyindən xəbər verir. Hazırda da davam edən Həmas-İsrail qarşıdurması ilə bağlı açıqlama verən İsrailin baş naziri Benyamin Netanyahu Yaxın Şərqin simasının dəyişəcəyini deyib. Belə görünür ki, Netanyahu Həmasın coğrafiyadan silinməsi üçün bütün mümkün variantları tətbiq etməyə çalışır.

Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv