Yayda uşaqları hara göndərək: İstirahətə, yoxsa müəllim yanına?

Yay mövsümünün başlamağına ən çox məktəblilər sevinir desək, yanılmarıq. Artıq ağır dərs proqramı ilə yüklənən şagirdlər üçün yay tətili başlayır. Tətilin maraqlı və səmərəli təşkili isə məhz valideynlərin üzərinə düşür. Bu isə valideynlərin məsuliyyətini daha da artırır. Bəzi valideynlər isə düşünürlər ki, övladı yay tətilində olsa belə, təhsildən yayınmamalıdır, mütəmadi olaraq dərsləri ilə məşğul olmalıdır. Bəs, hansı yanaşma daha düzgündür: Şagirdlər yay boyu istirahət etməli, əylənməli, kitabdan uzaq durmalı, yoxsa dərsləri ilə davamlı məşğul olmalıdırlar? Təhsil eksperti Elşən Qafarov deyir ki, tətil dövründə şagirdləri rayonlara göndərmək lazımdır ki, açıq havada, təbiətdə vaxt keçirsinlər. Bu dövrdə onlara dərs materiallarının verilməsi isə yolverilməzdir. Çünki bu növbəti tədris ilində uşağın yorulmasına səbəb ola bilər. Ekspert deyir ki, bir vaxtlar şagirdlər üçün düşərgə funksiyasını daşıyan məkanlarda uzun illər keçmiş məcburi köçkünlər yaşayıblar. Buna görə də həmin düşərgələr yararsız hala düşüb. Elşən Qafarovun fikrincə, bütün mövcud problemlərə baxmayaraq, yay düşərgələrinin təşkil olunması çox vacibdir. Onun fikrincə, düşərgələrin fəaliyyətinin bərpası ilə yanaşı, məktəbdən kənar təhsil müəssisələri də yayda fəaliyyət göstərsələr, şəxsi vəsait hesabına istirahətə gedə bilməyən şagirdlərin tətili də effektiv və səmərəli keçər. Psixoloq Gülər Məmmədova bildirir ki, yay fəslində uşaqların öyrənmə qabiliyyəti zəifləyir. Psixoloqun sözlərinə görə, bu həm havaların isti keçməsindən, həm də uzun keçən ağır dərs proqramından irəli gəlir. Psixoloq həmçinin bildirir ki, uşaqları tətil dövründə məcburi şəkildə təhsilə yönəltmək və istirahətinə şərait yaratmamaq onları yora və təhsildən uzaqlaşdıra bilər. LƏMAN SALEHOVA ARİF ƏLİYEV

Müəllif | Apa.Tv
Apa.tv