Yaz qırxımı başlayıb - YUNU KİMƏ SATMALI?
Artıq ölkə ərazisində fəaliyyət göstərən qoyunçuluq təsərrüfatlarında yun qırxımına start verilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, təsərrüfatlardan toplanan yun toxuculuq sənayesi üçün kifayət qədər xammal təşkil edir. Lakin Beyləqan ərazisində iri fabrik və ya müəssisənin olmaması toplanan yunun anbarlarda yığılıb qalmasına səbəb olur.
Mübariz Cəfərov Beyləqanın Dünyamalılar kənd sakinidir. O, təsərrüfatında 200 başdan çox “Qarabağ” cinsindən olan qoyun saxlayır. Mübariz hazırda yaz qırxımına start verib. Onun sözlərinə görə, qoyunların sağlam qalması üçün yaz qırxımı ən vacib şərtlərdən biridir:
“Bu qırxım vacibdir. Qoyunlar qırxılmasa, əmələ gəlməz. Əvvəllər dədə-babadan qoyunlar iki dəfə qırxılırdı. Birini əvvələ salırdılar - aprel ayının 10-15-də elat deyirdilər dağa çıxmaq üçün. Bir də qoyunlar dağdan enəndə qırxılırdı sentyabr ayında”.
Qoyunçuluq təsərrüfatlarının sayına görə Beyləqan rayonu ölkə iqtisadiyyatında önəmli yer tutur. Kəndli fermerlər saxladığı xırdabuynuzlu heyvanlardan ətçilik sahəsində gəlir əldə etsələr də, qoyunların yununu sata bilmirlər: “Bundan əvvəl bizdə qoyun qırxılmamış alıcılar gəlib beh verirdi, qoyun qırxılanda biz də xəbər verirdik, gəlib yunlarını aparırdılar. İndi yoxdur. Yun indi qalıb başına, sata bilmirik. Mənim keçən ilki yunum qaldı, axırı yandırdıq”.
Mübariz Cəfərovun sözlərinə görə, ümumilikdə rayon üzrə dövlət və şəxsi təsərrüfatlarda minlərlə ton iplik yun hazır vəziyyətdə alıcı gözləyir. Son illər ölkə ərazisində yun tədarükü və emalı zavodları istifadəyə verilsə də, aidiyyəti qurumlar hələ də fermerlərlə əlaqə yaratmayıb:
“Bizimlə onların əlaqəsi yoxdur. Yəni biz onları görmürük. Nə də elə bir vaxtımız yoxdur ki, onları axtarıb tapaq. Ən yaxşısı lap ucuz olsun müəyyən qədər, amma yerində gəlib alalar. Bizim kimi fermerlər çoxdur. Bu saat qonşu fermalar qırxımdan çıxıb, yun qalıb başına”.
Bu gün qara bazarda yunun qiyməti sortuna görə dəyişir. Yuyulmamış çirkli yunun 1 kiloqramı 1 və 2 manat arasında satılır. Bir qoyunun qırxılması isə 80 qəpik və ya 1 manata başa gəlir. Bu səbəbdən fermerlər qırxılan yunu bazara aparmaq istəmir. Çünki yol xərcini də hesablayanda fermerə heç sərf eləmir. Bu səbəbdən yeni istifadəyə verilən yun qəbulu sexlərinin onlarla əlaqə yaratmasını gözləyirlər.