Yazdığı inşa ilə dünya 3-cüsü olan Bakı məktəblisi - O, KİMLƏRİ QƏHRƏMAN SEÇDİ?

“Həyat çətin görünə bilər, amma məşğul olmaq, uğur qazanmaq üçün mütləq bir sahə mövcuddur. Çünki həyat varsa, ümid də var".
 

Bu sözlər məşhur fizik Stiven Hokinqə məxsusdur. Reportajı onun sitatı ilə başlamağım əbəs deyil. Çünki bu sözlərin dəqiq deyildiyini sübut edən şəxs var.

132-134 saylı Təhsil Kompleksinin 9-cu sinif şagirdi Leyla Dadaşova uğurunu
Azərpoçt”un keçirdiyi “Qəhrəmanın haqqında məktub yaz” inşa müsabiqəsi ilə qazanıb. O, deyir ki, müsabiqədən xəbərdar olduqdan sonra inşanı yazmağa başlayıb və təqdim edərək, nəticəni gözləyib: “1-2 aydan sonra xəbər çatdı ki, yazdığım inşa Azərbaycan üzrə birinci yerə layiq görülüb. Daha sonra Azərpoçt”un təşəbbüsü ilə təltifləndirmə mərasimi keçirildi. Bundan sonra inşam İsveçrənin Bern şəhərində keçirilən müsabiqə üçün göndərildi. Bu müsabiqədə 193 ölkəni təmsil edən iştirakçılar var idi. Azərbaycandakı qalibiyyətimdən bir müddət sonra növbəti xəbər verildi ki, dünya üzrə Azərbaycanı təmsil edən şəxs kimi 3-cü yerə layiq görülmüşəm”.

 

Qəhrəman kimi məşhur fizik Stiven Hokinqi seçməsi isə səbəbsiz deyil: “Stiven Hokinqin müəyyən problemləri var idi. Mənim qardaşım da autizm sindromundan əziyyət çəkir. Onun keçirdiyi psixoloji gərginlik ərəfəsində ailəmizin və cəmiyyətin yanaşması, keçirdiyi hisslər və sərgilədiyi əzm mənə duyğusal olaraq Stiven Hokinqi xatırlatdı. Bundan sonra öz-özümə dedim ki, niyə hisslərimi, içində olduğum situasiyanı tanınmış bir insanın bioqrafiyası əsasında ifadə etməyim?”

 

Gələcəkdə kompüter mühəndisi olmaq istəyən Leylanın uğuruna ilk sevinən valideynləri olub: “Leyla respublika birincisi olanda fərqli hisslər keçirdik. Məktəb yoldaşları, valideynlər, qohumlar - çox sevindik. İnşa müsabiqəsi İsveçrəyə gedəndən sonra Leylanın ürəyindəki “qalib olacağam” hissi bizə bir daha ona olan ümidlərimizin artmasına təkan verdi. Dünya üzrə üçüncü yerə çıxma xəbərini aldıqdan sonra valideyn olaraq qürurlandım”.

 

Bu məktəbin məzunları arasında kimlər var, kimlər... Akademik Aida İmanquliyeva, xalq artisti Leyla Bədirbəyli, xalq rəssamı Ağaəli İbrahimov və s. kimi tanınmış şəxsiyyətlər. Təhsil müəssisəsinin əldə etdiyi nailiyyətlərə gəlincə...

 

“Hər bir məktəbin uğurunun nəticəsi onun məzunlarıdır. Ali məktəbə qəbul, həyatda tutduğu yerlər və s. Bu il bizim 3 qızıl medalımız, kimya üzrə respublika olimpiadasında 1 gümüş medalımız, dünyanın bir çox nüfuzlu universitetlərinə daxil olan şagirdlərimiz var”.

 

Bundan başqa təhsil ocağının qazandığı uğurlar sırasında “Beynəlxalq Bakalavr”, “Potensialını kəşf et”, “Ana məktəb” kimi layihələr də yer alır. Leyla Dadaşovanın qalibiyyəti haqqında danışan direktor bildirib ki, dünya üzrə 3-cü yerə layiq görülmək qürurverici hissdir: “Leyla birinci sinifdən bu günə qədər əlaçı olub. Təhsil insan üçün zəhmətdir. Həmişə deyirəm ki, birinci sinifdən şagird üçün inkişaf cığırını açmaq lazımdır ki, o həmin cığırla getsin. Bu məktəbdə olan mühitin nəticəsidir ki, şagirdimiz bu cür yetişib. Fəxr yerimizdir”.

 

Uğur gedilən yoldur, çatdığın məkan deyil. Arzu edirik ki, Leyla da daima uğur yolu ilə addımlasın. Çatdığı məkan isə yüksək zirvələr olsun!

Müəllif | Apa.Tv
Apa.tv