Yeni fərman nəqliyyat sistemində nələri dəyişəcək?
Bu gün Prezident İlham Əliyevin fərmanı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi. Eyni fərmanla “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Daxili İşlər Nazirliyinin tabeliyinə keçdi.
Ekspertlər hesab edir ki, yerində və məqamında verilən bu qərar adıçəkilən qurumların fəaliyyətlərində verdikləri çoxsaylı qüsurların aradan qaldırılmasına hesablanıb.
Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, məlum fərmandan sonra ölkədə ictimai nəqliyyatın təşkili və idarə olunmasında rast gəlinən qüsurlar aradan qaldırılacaq.
Nəqliyyat eksperti Rövşən Həsənov da düşünür ki, bu dəyişiklik konkret nəticələrin əldə edilməsinə hesablanıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də məsələyə sosial media hesabında münasibət bildirib. Qeyd edib ki, BNA-nın əsas konfliktləri, maraq toqquşmaları əsasən Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Dövlət Yol Polisi ilə olurdu.
Sitat:
“Son illərdə işıqforlar da DYP-dən alınıb BNA-ya verilmişdi. Düşünmək olar ki, yeni fərmandan sonra bu problemlər, maraq toqquşmaları aradan qalxacaq. BNA indiyədək reallaşdıra bilmədiyi bir çox səlahiyyətləri, xüsusilə də parklama ilə bağlı səlahiyyətləri tezliklə əldə edə biləcək. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi isə ciddi problemləri həll edib başa çatdıra bilməmişdi. Xüsusilə də Prezidentin qəbul etdiyi fərmanlara görə, işıqforlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməliydi. İndiyədək yalnız çox az sayda işıqfor bu formada idarə olunurdu. Ümid etmək olar ki, DYP resurslarından istifadə etməklə bu məsələni daha sürətli və effektiv qaydada reallaşdırmaq mümkün olacaq. İstənilən halda hər işdə xeyir var deyirlər”. Sitatın sonu
Osman Gündüz bildirib ki, tezliklə aidiyyəti qurumların fəaliyyətində yol verdikləri ciddi problemlərin aradan qaldırılacağına inanır.