Yeni taksi tələbinin xərci: “Heç benzinin pulu çıxmır, avadanlığı necə alaq?” – APA TV
Azərbaycanda taksi xidməti ilə bağlı müəyyən tələblər müəyyənləşib. Həmin tələblərə görə, taksilərdə sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi, taksometr, gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal, taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokamera olmalıdır. Taksi sürücülərinin bəziləri qoyulan tələblərdən razılıqlarını bildirsələr də, bir qismi də gəlirlərinin bu avadanlıqları qarşılamayacağını qeyd etdi. Nəqliyyat eksperti Aslan Əsədov deyir ki, ümümi xərci 1000-1500 manata başa gələcək avadanlıqları alarkən bəzi şeylərə diqqət yetirilməlidir. Tələb olunan avadanlıqların qiymətlərini də öyrənməyə çalışdıq. Satıcının sözlərinə görə, qiymətlər keyfiyyətdən asılı olaraq dəyişir. Onu da qeyd edək ki, "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Bu təlimin rüsumu isə 76 manatdır. Pos-terminal üzrə birdəfəlik komissiya isə 700 manatdır. Xatırladaq ki, "Dövlət rüsumu haqqında" Qanuna əsasən, buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.