Yeni tədris ili başlayır – MƏKTƏBLƏRDƏ YENİ QAYDALAR NECƏ OLACAQ?

Yeni dərs ilinin başlamasına qısa müddət qalıb. İlk olaraq ibtidai sinif şagirdləri dərsə başlayacaq. Lakin pandemiya şəraiti nəzərə alınmaqla, tətbiq olunan qaydalara riayət etmək şərti ilə.

 

APA TV-nin xəbərinə görə, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları artıq təsdiq olunub.

 

Valideyn Kəmalə Quliyeva deyir ki, məktəblərin açılması onun da ürəyincədir: “Hazırda mənim birinci sinfə gedəcək uşağım var. Məktəb üçün alış-verişə çıxmışıq. Məktəblər açılsa, yaxşı olar. Virusa görə uşaqların iki-üç dəfə getməsi yaxşıdır. Uşaqların hər gün getməyi hələ ki insanlarda qorxu yaradır”

 

Elnaz İmanova da məktəblərin açılmasını istəyir: “İstəyirik ki, uşaqlar məktəbə getsin. Çünki çox geridə qalırlar. Nə qədər evdə hazırlaşsalar da, məktəb kimi olmur. Getməkləri yaxşıdır”.

 

Həm valideynlərə, həm də məktəblilərə mövcud vəziyyətlə bağlı hansı yeni qaydaların tətbiq ediləcəyi maraqlıdır. Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, sentyabrın 15-dən etibarən hibrid modelə keçilməsi ilə tədris başlayacaq: “İbtidai siniflər üçün nəzərdə tutulan qayda budur ki, sinifdə uşaqların sayı çoxdursa, qrup ikiyə bölünəcək, səhər və günorta olmaqla növbəli rejimə keçiləcək. Uşaqların dərsdə maska ilə oturması müəyyən çətinlik yarada bilər. Buna görə də sosial məsafəni qoruyaraq, dezinfeksiya vasitələrindən istifadə edərək, sinif otaqlarını havalandıraraq maskasız da dərsdə iştirak edə bilərlər. Çünki şagirdlərin dərsdə maska ilə oturması onlar üçün darıxdırıcı ola bilər, konsentrasiyalarını poza bilər. Müəllim isə maska taxmalıdır. Çünki o, şagirdlərə yaxınlaşır, onlarla çox təmasda olur”.

 

Yeni tədris planına əsasən, ümumi təhsil müəssisələrində dərslər I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayacaq. Yuxarı sinif şagirdlərinin distant formada dərslərdə iştirak etməsi məktəbdə olan sıxlığı azaltmaq yönündən məqsədəuyğun olsa da, şagirdlər onlayn dərslərdə yaranan problemlərdən şikayətçidirlər:

 

Şagird Ömər İbrahimzadə onlayn dərslərin keçirilməsindən narazıdır: “Onlayn dərslər çox çətindir. Bəzən olur ki, şəbəkə tutmur, problem yaranır, dərsi anlamaq çətin olur. Məktəb başlasın. Məktəb olmasa, biliyimiz də olmayacaq”.

 

Nicat Babaxayev də məktəblərin açılmasının tərəfdarıdır: “Dərsləri onlayn da keçirik. Müəllim dərs verir, biz danışırıq. Amma üz-üzə olsa, daha yaxşı olar. Daha da yaxşı öyrənə bilərik”.

 

Dərslər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki məktəblərdə əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonlardakı məktəblərə isə 3 dəfə təşkil olunacaq. Valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər.

 

Elçin Süleymanovun fikrincə, şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunması müəyyən problemlərə səbəb ola bilər. Belə ki, poliklinikalara axın başlaya bilər ki, bu da virusun yayılmasına münbit şərait yaradar. Ekspertin  sözlərinə görə, sağlamlıq arayışı yerinə valideynlər tərəfindən COVID bəyannaməsi imzalansa, daha təhlükəsiz olar. Məktəbə daxil olarkən şagirdlərin hərarətinin ölçülməsi, tənəffüs vaxtı kütləvi toplaşmanın olmaması, dezinfeksiyaedici vasitələrdən istifadə etmələri üçün Təhsil Nazirliyinin “Məktəbli dostları” şagirdləri daim nəzarətdə saxlayacaq. Məktəblərin fəaliyyətini davam etdirib-etdirməməsi isə yalnız yoluxma dinamikasındakı rəqəmlərdən asılı olacaq.

 

Ümid edək ki, yoluxma sayında artım olmayacaq və tədris prosesi tədricən normal məcrasına qayıdacaq. Yeni dərs iliniz mübarək!

 

FATMA ZAHİDQIZI

FAİQ HƏSƏNOV

Müəllif | Apa.Tv
Apa.tv