Yeni təhlükə: Vaksinlər yenilənə bilər
“Koronavirusun yeni "omicron" ştammı ilə bağlı təşvişə düşməyə ehtiyac yoxdur”.
Bu fikirləri APA TV-yə açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, Cənubi Afrikada xəstəxanaya yerləşdirmə hallarının artması məhz “Omicron”a yoluxanların deyil, virusun bütün ştammlarına yoluxanların sayının çoxluğu ilə əlaqədardır.
Nəzrin Mustafayeva deyir ki, hazırda “Omicron” ştammının digərlərindən fərqlənməsini iddia etməyə əsas verən heç bir məlumat yoxdur.
Mütəxəssis əlavə edib ki, yoluxma haqqında ilk məlumatlar xəstəliyi daha yüngül keçirən gənclər arasında aparılmış universitet araşdırması zamanı əldə olunub. Lakin “Omicron” variantının ağırlıq səviyyəsini tam anlamaq üçün bir neçə gündən bir neçə həftəyədək vaxt tələb oluna bilər: “”Omicron” adı verilən B1,1-629 mutasiyası noyabrın 26 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəzarətə götürülən və təhlükə yarada bilən ştamm kimi elan olundu. ÜST-ün ən son açıqladığı məlumatlarda bildirilir ki, hələ onun daha sürətli yoluxdurucu olması ilə bağlı dəqiq bir araşdırma yoxdur, aydınlaşdırılmayıb. Xəstəliyin statistikası, tələbələr və gənclər arasında sürətlə artması belə deməyə əsas verir ki, bu ştammın yoluxduruculuq qabiliyyəti daha yüksəkdir. Təbii ki, xəstəliyin statistikası və yeni ştammı ilə bağlı Cənubi Afrika hələ ki, diqqətdədir. Amma “omicron”un gedişi və yaxud da simptomları ilə bağlı hələ ki, dəqiq heç nə yoxdur”.
“Hələlik yeni ştamma ölkəmizdə rast gəlinmir”, - deyən Nəzrin Mustafayeva əlavə edib ki, ştammın daha çox yayıldığı ölkələrlə ölkəmiz arasında birbaşa uçuşlar olmadığından bu ştammın Azərbaycanda yayılması ehtimalı da azdır.
Bundan başqa, ola biləcək hər hansı bir təhlükə ilə bağlı isə ölkəmizdə əks epidemik tədbirlər görülür.
Nəzrin Mustafayeva virusa qarşı peyvəndləmə tədbirlərinin davam etdiyinə də diqqət çəkib.
Hazırkı peyvəndlər koronovirusun yeni şatammlarında da istənilən təsiri göstərəcəkmi sualına gəlincə: “Bu günə qədər tanınmış olan bütün ştammlara qarşı istifadə etdiyimiz mövcud peyvəndlər təsirli olduğunu göstərib. Amma həm ÜST, həm də beynəlxalq tibbi qurumlar, eyni zamanda peyvənd istehsalçıları hər yeni aşkarlanan və kəşf olunan ştamma qarşı istifadədə olan peyvəndlərin effektivliyini diqqətdə saxlayırlar. Əgər elə bir ehtimal yaranarsa ki, öz təsirini yeni ştammlara qarşı itirirlər bu zaman çox asanlıqla qısa müddət ərzində mövcud vaksinlərə də modifikasiya ediləcək”.
Nəzrin Mustafayeva həmçinin bildirib ki, vətəndaşın yeni ştamma yoluxub-yoluxmadığını öyrənmək üçün PCR testlərdən istifadə olunacaq. Bu ştammın və bundan əvvəlkilərin müalicəsi üçün isə xüsusi bir metod yoxdur. Həkim-infeksionist onu da əlavə edib ki, bu ştammın əsas xüsusiyyətlərindən biri də təkrar yoluxmadakı aktivliyidir.
İlkin məlumatlara görə, “Omicron” ştammı COVID-19 infeksiyasına yüksək təkrar yoluxma riskinə malikdir, yəni xəstəliyi artıq keçirmiş şəxslərin bu ştamma yoluxma riski virusun digər variantlarına yoluxma riskindən daha çoxdur.
Sevinc Vaqifqızı,
Fariz Quliyev,
APA TV