Yeniyetmə gül dərərkən qayadan yıxılaraq öldü – YARDIMLIDA DƏHŞƏT

Yardımlıda 12 yaşlı yeniyetmə dağlıq ərazidə gül dərərkən yıxılaraq dünyasını dəyişib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Gügavar kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Aris Ağakişiyev qardaşı Daşqınla birlikdə dağlıq ərazidə gül dərərkən ehtiyatsızlıqdan 35-40 metr hündürlükdən dərəyə yıxılıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkimi Hikmət Əliyevin sözlərinə görə, yeniyetmə baş və boyun nahiyəsindən ağır yaralandığı üçün onun həyatını xilas etmək mümkün olmayıb: “Müayinə zamanı xəstə ağır kəllə-beyin travması, baş beynin əzilməsi, sol yuxarı ətrafın bilək nahiyəsi və sağ əlində qapalı sınıq aşkarlandı. Daxil olarkən xəstənin vəziyyəti həddən artıq ağır idi, huşu aydın deyildi. Xəstəyə təcili reanimasiya tədbirləri aparıldı. Müayinədən sonra xəstənin tənəffüsündə, təzyiqində daha da ağırlaşma olduğu üçün süni tənəffüs aparatına qoşuldu və tədbirlər davam etdirildi. Bütün bu intensiv tədbirlər fonunda beyində ödem daha da artdığı üçün xəstə vəfat etdi.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv